İQTİSADİYYAT
Nihat Tanrıkulu: Biz ticarət üçün deyil azərbaycanlı qardaşlarımıza dəstək üçün gəlmişik
Bakı, 16 noyabr, AZƏRTAC
“TÜMKİAD” İş adamları və Girişimçilər Dərnəyi olaraq ticari görüş və ya gəlir məqsədli deyil, müharibə vaxtı azərbaycanlı qardaşlarımızın yanında olmaq, onlara dəstək vermək üçün gəlmişik.
Bu sözləri ölkəmizdə səfərdə olan “TÜMKİAD” İş adamları və Girişimçilər Dərnəyinin prezidenti Nihat Tanrıkulu AZƏRTAC-a müsahibəsində deyib. O, bu səfəri təxminən iki ay əvvəl etmək istədiklərini, lakin müharibənin başlaması səbəbindən indi həyata keçirdiklərini bildirib: “Səfərimizdən bir həftə əvvəl Azərbaycan qələbə qazandı. Türkiyədə 85 milyon insanın qəlbi “Azərbaycan” deyə, “İki dövlət, bir millət” deyə döyünürdü. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın yumruqları birləşdi və bir güc oldu. Bu gücü bütün dünya gördü. Türkiyə və Azərbaycan bir araya gəldiyi zaman heç kəs bizim üzərimizə gələ bilməz. Gözün aydın Azərbaycan, gözün aydın Türkiyə. Bütün dünyadakı türklərin gözü aydın olsun”.
“Nümayəndə heyətimizdəki sənayeçilər və iş adamları qardaş ölkəyə ticari məqsədlə yox, Azərbaycanın yanında olmaq üçün gəlmişik. Onu da bilirik ki, iqtisadi sahədə nə qədər güclü olsaq, ölkələrimiz də bir o qədər güclü olar”, - deyə o qeyd edib.