CƏMİYYƏT
“Nikaha hazırlaşan qızlara ailədaxili münaqişələrin aradan qaldırılması mövzusunda psixoloji maarifləndirmə” layihəsi başa çatıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi “Nikaha hazırlaşan qızlara ailədaxili münaqişələrin aradan qaldırılması mövzusunda psixoloji maarifləndirmə” adlı layihəyə başa çatıb.
AQSİA-dan AZƏRTAC-a bildiriblər ki, layihə Tovuz, Şəmkir, Bərdə, Xaçmaz, Lənkəran rayonlarında və Bakıda həyata keçirilib. Həmçinin regionlarda yerləşən “ASAN xidmət”in nikah şöbələri və yaxud bu missiyanı həyata keçirən Nikah evləri və Qadın məsləhətxanaları ilə birgə gənc ailələr, problemli ailələr üçün psixoloji xidmət təşkil edilib.
Layihə üzrə aparılan psixoloji qiymətləndirmə çərçivəsində müəyyən edilən üç ən vacib problemlər son dövrlərdə boşanmaların sayının artması, erkən yaşda ailə qurmaq, həmçinin ailədaxili münaqişələr zəminində uşaqların keçirdiyi psixoloji sarsıntılar onların cəmiyyətdə sağlam şəkildə böyümələrinə ciddi şəkildə mənfi təsir etməsidir. Məqsəd ailə psixologiyası modulunu yeni ailə qurmaq istəyənlərə aşılamaq. Layihədə ailə psixologiyası modulu əsasında psixoloji xidmətlər keçirilib, ailədaxili münaqişələrin aradan qaldırılmasında konsultasiyalar təşkil edilib, psixoloji problemi olan ailələrə psixoloji dəstək verilib, uşaqlarla düzgün davranış qaydalarına nizamlı şəkildə əməl edilməsi məsələlərini valideynlərə aşılanıb, ailə terapiyası təşkil edilib.
Üç ay müddətində həyata keçirilən layihə çərçivəsində 150 qadına layihənin icrası nəticəsində Bakı şəhəri və regionlarda ailədaxili münaqişələr, yeni ailə quranlar və nikaha daxil olanlara düzgün “Ailə psixologiyası modulu” aşılanıb və həmin modul gələcək ailələrin bu cür problem yaşamamaları üçün böyük təkan olacaq.