DÜNYA
Nikaraquada müxalifət liderinə 216 il həbs cəzası verilib
Bakı, 19 fevral, AZƏRTAC
Nikaraqua məhkəməsi 2018-ci ildə hökumət əleyhinə etirazlarda iştirak edən müxalifət lideri Medardo Mayrenaya 216 il həbs cəzası verib.
AZƏRTAC “Nuevo Diario” nəşrinə istinadla xəbər verir ki, o, Nikaraquada kəndlilərin torpaq sahələrinin qorunması üçün transokean kanalının tikintisinə qarşı çıxan kəndli hərəkatının lideridir.
Mayrena bir sıra ittihamlar, o cümlədən terror və qətllərin təşkili üzrə təqsirkar bilinib. Onunla birlikdə daha iki müxalifətçi – Pedro Mena və Luis Orlando İkabalsetaya da hökm oxunub. Hər iki müxalifətçiyə müvafiq olaraq 210 və 159 il həbs cəzası verilib.
Buna baxmayaraq məhkumların hər biri yalnız 30 il həbsdə qalacaq, çünki bu, Nikaraqua qanunlarına görə maksimal həbs müddətidir.
Qeyd edək ki, ötən ilin aprel ayında Nikaraquada başlayan və toqquşmalarla müşayiət olunan etiraz aksiyaları nəticəsində 317 nəfər, o cümlədən 21 polis əməkdaşı həlak olub.