İDMAN
“Nike” şirkəti İranın milli komandasına idman ayaqqabısı satmaqdan imtina edib
Tehran, 8 iyun, AZƏRTAC
ABŞ-ın idman ayaqqabısı istehsal edən “Nike” şirkəti İranın futbol üzrə milli komandasına butsi satmaqdan imtina edib.
AZƏRTAC “Tehran Times” qəzetinə istinadən xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayıb. Bildirib ki, “Nike” ABŞ şirkəti olaraq hökumətin İrana qarşı tətbiq etdiyi sanksiyalara əməl etmək məcburiyyətindədir. Qeyd olunub ki, şirkət futbol üzrə İranın milli komandasını müştərilər siyahısından çıxarıb.
İranın futbol üzrə milli komandasının baş məşqçisi portuqaliyalı Karluş Keuroş qəzetə müsahibəsində dünya çempionatına bir həftə qalmış “Nike” şirkətinin belə bir qərar verməsinin düzgün olmadığını bildirib. Baş məşqçi FIFA-ya müraciət edib ki, komandanın butsi ilə təmin olunmasına kömək göstərsin.
İranın milli komandası artıq Moskva şəhərindədir və ilk məşqini də keçirib. Lakin oyunçuların təzə butsilərlə təmin olunması məsələsi hələlik açıq qalır.
Xatırladaq ki, İranın futbol üzrə milli komandası Asiyada yüksək reytinqə malik olan komandalardan biridir. İyunun 14-də başlayacaq dünya çempionatında İran ilk oyununu iyunun 15-də Sankt-Peterburq şəhərində Mərakeş yığması ilə keçirəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran