İDMAN
Niko Hyulkenberq: “Baku City Circuit” çempionat təqvimində ən sürətli şəhər trasıdır
Bakı, 24 aprel, AZƏRTAC
F 1 Azərbaycan Qran-Prisi ərəfəsində pilot Niko Hyulkenberq “Renault”un mətbuat xidmətinə müsahibəsində Bakı şəhər trasının özəlliyi və qarşıdakı mərhələdə komandanın qarşısında duran vəzifələrdən bəhs edib. AZƏRTAC müsahibəni təqdim edir.
-Bakıda xoşunuza gələn nədir?
Bakı trası kifayət qədər yenidir və biz ona alışmağa davam edirik. Bu şəhərdə tarixi tikililər və döşənmiş küçələr xüsusi atmosfer yaradır. Ətrafda gözəl binalar, trasın tam mərkəzində isə qədim qala var. Ötənilki yarış mənə düşərli olmasa da, azarkeşlər üçün yaddaqalan oldu. Əgər bu il hadisələr keçənilki ssenari üzrə davam edərsə, onda biz bu imkanlardan istifadə edə biləcəyimizə təminat verə bilərik.
-Bakı trası nə dərəcədə mürəkkəbdir?
Bir neçə sahədə divarlar sizə sanki sürpriz edir, ona görə burada cəsarətlə yanaşı, həddən artıq səy göstərməmək vacibdir. Azarkeşlər üçün trasa əla mənzərə açılır və onlar Formula 1 maşınlarının sürətini tam şəkildə görə bilərlər.
“Baku City Circuit” çempionatın təqvimində ən sürətli şəhər trasıdır və uzunməsafəli düz yolda DRS-dən istifadə etməklə ötmə əməliyyatı mümkündür. Bu trasda mürəkkəb 90 dərəcəli döngələr və əyriliklər də var. Onları sanki uçaraq tam sürətlə keçdiyiniz zaman, sözün əsl mənasında, nəfəsiniz durur! Qala divarları boyunca səkkizinci və doqquzuncu döngələr arasındakı sahə indi daha dar gəlir, çünki maşınlar enli olub. Bu seksiya ilə müqayisədə Monako sadəcə genişlikdir!
-Mövsümün ilk yarışları sizi qane edirmi?
Mövsüm pozitiv başlayıb. Orta qrupun liderləri arasında olmaq əladır. Yüksək mövqelərə iddiaçılar arasında qalmaq üçün xal toplamağa davam etmək vacibdir. Bunun üçün daim tərəqqiyə nail olmaq və məqsədyönlü çalışmaq lazımdır. Bunun sayəsində rəqiblərimizin önündə dayana bilərik.