SİYASƏT
Nikolas Löbel: Azərbaycan Almaniya üçün vacib tərəfdaşlardan biridir
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikası Bundestaqının xarici əlaqələr, eləcə də mədəniyyət və mətbuat komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputatı Nikolas Löbel ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baden-Vürtemberq əyalətindən ilk dəfə parlamentə seçilmiş gənc Bundestaq üzvü N.Löbel CDU/CSU fraksiyasında Qafqaz regionu üzrə məruzəçidir. O, məruzəçi olduğu ölkələrindən ilk səfərini məhz Azərbaycana həyata keçirməkdədir.
X.Xələfov ölkələr arasında yüksək səviyyəli siyasi dialoqdan məmnunluğunu ifadə edərək, bunun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini qeyd etdi.
N.Löbel ölkəmizə səfərinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə üst-üstə düşdüyünü böyük maraq ilə bildirib. Azərbaycanın Almaniya üçün vacib tərəfdaşlardan biri olduğunu vurğulayıb. Ölkəmizin Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd edib.
Tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndiriblər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb. N.Löbel münaqişənin həll olunmasında Avropa İttifaqının digər üzvləri ilə fəal işləyəcəklərini qeyd edib, status-kvonun qəbuledilməzliyini bir daha bəyan edib və ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, Almaniyanın münaqişənin sülh yolu ilə həllinə dəstək göstərəcəyini bildirib.
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinin müzakirəsi çərçivəsində X.Xələfov Avropa İttifaqı ilə müzakirə olunan yeni sazişin razılaşdırılmasının sona çatmaqda olduğunu bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.