DÜNYA


“Nissan” şirkətinin səhmdarları Karlos Qonu direktorlar şurasının tərkibindən çıxarıblar

Tokio, 9 aprel, AZƏRTAC

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Nissan” şirkətinin səhmdarları şirkətin direktorlar şurasının sabiq sədri Karlos Qonu bu rəhbər orqanın tərkibindən çıxarıblar. Bununla K.Qon təqribən 20 illik fəaliyyətdən sonra şirkətdə tutduğu bütün vəzifələrdən azad edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar şirkətin səhmdarlarının növbədənkənar toplantısı zamanı qəbul edilib. “Nissan” şirkətinin prezidenti və baş direktoru Hiroto Saykava K.Qona qarşı irəli sürülən maliyyə pozuntuları və digər ittihamlarla əlaqədar baş verən qalmaqala görə səhmdarlardan üzr istəyib.

H.Saykava bildirib ki, bu pozuntuların dərəcəsindən asılı olmayaraq, şirkətin köhnə və yeni rəhbərliyi, həmçinin o özü bu hadisəyə tam məsuliyyətlə yanaşır. H.Saykava vurğulayıb ki, şirkətin rəhbərliyi cəmiyyətin inamını bərpa etmək üçün səylə çalışacaq.

Səhmdarlardan bir neçəsi çıxış edərək baş verənlərə görə şirkət rəhbərliyinin məsuliyyət daşıdığını qeyd edib.

Toplantıda “Renault” şirkətinin direktorlar şurasının sədri Jan Dominik Senar şirkətin direktorlar şurasının üzvü seçilib. Bununla da, öz tarixində Karlos Qonsuz yeni səhifəni açmağa çalışan “Nissan” şirkətində idarəetmənin yenidən qurulması başa çatdırılıb.

Toplantıda, həmçinin K.Qonun keçmiş köməkçisi, maliyyə pozuntularında ittiham edilən Qreq Kelli də tutduğu vəzifədən azad edilib.

Həm K.Qon, həm də Q.Kelli onlara qarşı irəli sürülən ittihamları rədd edirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.