İQTİSADİYYAT
Nisyə mal alqı-satqısı ilə məşğul olanlara dair yeni tələblər müəyyənləşir
Bakı, 5 iyun, AZƏRTAC
Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 5-də keçirilən iclasında müzakirəyə çıxarılan “Kredit büroları haqqında” Qanuna təklif edilən dəyişiklikdə bildirilib.
Belə ki, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatların fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi ilə bağlı edilmiş dəyişiklik qüvvəyə minənədək müvafiq nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər kredit tarixçəsi subyektinin razılığı alınmadan aktiv müqavilələr üzrə (alıcı tərəfindən ödənişi tam icra edilməyən) kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosuna təqdim etməlidirlər.