İDMAN


Niyaməddin Paşayev: Məqsədimiz gənc idmançılarımızın daha yüksək nəticələr əldə etməsinə nail olmaqdır

Olimpiadada bürünc medal da yaxşı nəticədir

Bakı, 11 oktyabr, AZƏRTAC

Taekvondoçumuz Cavad Ağayev (63 kq) Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yarımfinala qədər uğurla irəliləsə də, növbəti mərhələdə Koreya Respublikasının idmançısına məğlub olaraq yarışları bürünc medalla başa vurdu. Əlbəttə, istərdik ki, o, qızıl medal qazanıb Azərbaycanın dövlət himnini səsləndirsin. Ona böyük ümidlərimiz var idi. Ancaq olimpiadada bürünc medal da yaxşı nəticədir. Taekvondoçumuz fəxri kürsünün üçüncü pilləsində yer almaqla Azərbaycanın bayrağını qaldırdı. Digər idmançılarımızdan da qələbələr gözləyirik. Cüdo yarışlarında Vüqar Talıbovun, gimnastika yarışlarında Yelizaveta Luzanın parlaq qələbələrini xüsusi qeyd etmək istəyirəm. Biz idmançılarımızla qürur duyuruq. Arzu edirik ki, digər atletlərimiz də Vüqar, Cavad və Yelizaveta kimi yüksək nəticələrə imza atıb Vətənə medalla qayıtsınlar.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti dünya və ikiqat Avropa çempionu Niyaməddin Paşayev deyib.

Yeniyetmələrin ən mötəbər yarışlarında digər taekvondoçumuz Minayə Əkbərovanın (44 kq) mübarizəsini erkən dayandırdığını bildirən vitse-prezident qeyd edib ki, Minayə Əkbərova (44 kq) hələ çox gəncdir. “Bu, idmandır. İdmanda qalibiyyətlə yanaşı, məğlubiyyət də ola bilər. Əsas məqsəd gənc idmançılarımızın gələcəkdə daha yüksək nəticələr əldə etməsinə nail olmaqdır. Minayənin perspektivləri böyükdür. Şübhəsiz, məşqçilər korpusu idmançılarımızın çıxışlarını təhlil edib səhvlər üzərində işləyəcəklər”, - deyə o, əlavə edib.

Əsas məqsəd qitə birinciliyində uğurla çıxış etməkdir

Niyaməddin Paşayev hazırda həm yeniyetmələr, həm də gənclərdən ibarət yığma komandalarımızda güclü potensiala malik taekvondoçuların yetişdiyini bildirib: “Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yaş qrupuna görə gənclər mübarizə aparırlar. Gənclərdən ibarət yığma komandamız bu il həm “Buenos-Ayres 2018”ə lisenziya yarışlarında, həm də dünya birinciliklərində uğurla çıxış ediblər. Dünya birinciliyində bütün çıxışlarını uğurla başa vuran Cavad Ağayev mundialın qalibi olub. Xanoğlan Kərimov (51 kq) isə yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Yeniyetmələr isə on gün bundan əvvəl Azərbaycan birinciliyində qüvvələrini sınayıblar. Artıq komandanın siyahısı təsdiqlənib. Bu yaxınlarda təlim-məşqlərə başlayacaqlar. Yeniyetmə taekvondoçularımız noyabrın 29-dan dekabrın 2-dək Barselonada keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər. Əsas məqsəd qitə birinciliyində uğurla çıxış etməkdir.

Qran-Pridə dünya reytinqinə görə ilk 32 pillədə yer alan taekvondoçular

iştirak edə bilərlər

Federasiyanın vitse-prezidenti kişilərdən ibarət yığma komandanın “Tokio-2020”yə lisenziya yarışlarına hazırlığı barədə də danışıb. O, bu ilin mayında böyüklərdən ibarət yığma komandanın Avropa çempionatında yüksək nəticələr əldə etdiyini vurğulayıb. Radik İsayevin (+87 kq) qitə çempionatında qızıl, Patimat Abakarovanın (49 kq) və Milad Hərçəqaninin (80 kq) bürünc medallara sahib olduqlarını qeyd edən N.Paşayev bildirib: “Oktyabrın 19-21-də Mançesterdə keçiriləcək Qran-Pri yarışlarında 6 idmançı ilə təmsil olunacağıq. Bu turnir həm də “Tokio-2020”yə lisenziya xalları verir. Qran-Priyə dünya reytinqində ilk 32-likdə yer alan idmançılar dəvət edilir. Yəni, bu yarışlarda hər kəs iştirak edə bilməz. Qeyd edim ki, 8 idmançımız dünya reytinqi üzrə ən güclü 32 idmançı sırasında yer alır. Radik və Milad zədə səbəbindən bu yarışlarda iştirak etməyəcəklər”. N.Paşayev onu da deyib ki, böyüklərdən ibarət yığma noyabrın 10-11-də Xorvatiyada keçiriləcək beynəlxalq yarışda çıxış edəcək. İdmançılarımız noyabrın 24-25-də isə komandalararası dünya kubokuna qatılacaqlar.

Gənc taekvondoçular böyüklərdən ibarət yığma komandaya cəlb edilirlər

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti vurğulayıb ki, son Olimpiya Oyunlarına ilk dəfə tam heyətlə - 4 idmançı ilə yollanan taekvondoçularımız böyük uğura imza ataraq 1-i qızıl, 2-si bürünc olmaqla 3 medal qazanıblar. O, 4 taekvondoçudan 3-nün medal qazanmasının böyük nəticə olduğunu bildirib: “Növbəti Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaq üçün federasiya tərəfindən bir sıra tədbirlər görülür. Gənclərdən ibarət yığma komandamız bir sıra yarışlarda qüvvələrini sınayır. Onlardan ən güclüləri kişilərdən ibarət komandaya cəlb edilirlər. Dünya birinciliyinin gümüş medalçısı Xanoğlan Kərimov (51 kq) və Bəhruz Quluzadə (44 kq) böyüklərdən ibarət milli komandada mübarizə aparacaqlar. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Cavad Ağayevi də kişilərdən ibarət yığmaya cəlb etməyi planlaşdırırıq. Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə gənc idmançılarımızı yoxlamaq istəyirik.

Uşaq və yeniyetmələr arasında taekvondoya maraq getdikcə yüksəlir

Niyaməddin Paşayev federasiyanın uşaq-gənclər idman məktəbləri, idman klubları və cəmiyyətləri ilə də sıx əlaqədə fəaliyyət göstərdiyini vurğulayıb. O, yeniyetmələr və gənclər arasında keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edənlərin əksəriyyətinin uşaq-gənclər idman məktəblərinin yetirmələri olduğunu bildirib. “Demək olar ki, bütün şəhər və rayonlarda taekvondo bölmələri var. Beş yaşdan yuxarı uşaqlar taekvondo ilə məşğul olurlar. Müxtəlif yaş qrupları üzrə taekvondo üzrə respublika yarışlarında artıq 2 mindən çox idmançı mübarizə aparır. Taekvondoya qızların marağının da getdikcə artmasını xüsusi vurğulamalıyam. Hazırda yığma komandanın heyətində Fəridə Əzizova, Patimat Abakarova kimi güclü idmançılar var. Yeniyetmələrin respublika birinciliyində iştirak edən idmançıların 30-35 faizini qızlar təşkil edir”, - deyə federasiyanın vitse-prezidenti vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.