İDMAN


Niyaməddin Paşayev: Məqsədimiz hər üç yarışda yüksək nəticə əldə edib ili uğurla başa vurmaqdır

Bakı, 20 noyabr, AZƏRTAC

Sabah taekvondoçularımız məşqçi heyəti ilə birgə noyabrın 24-25-də keçiriləcək komandalararası dünya çempionatında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Fucairah şəhərinə yola düşəcəklər. Dünya çempionatında mübarizə aparacaq əsas heyətin tərkibində Radik İsayev (+87 kq), Milad Herçeqani (80 kq), Qaşım Maqomedov (58 kq) və Məhəmməd Məmmədov (68 kq) yer alıblar. Əvəzedici heyətə isə Qobadi Payyam (+87 kq) daxildir. Dünya çempionatından iki gün əvvəl - noyabrın 22-də isə BƏƏ-də Qran-Pri yarışlarının final mərhələsi start götürəcək. Bu mötəbər yarışa Radik İsayev və Milad Herçeqani dəvət alıblar.

Bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, dünya və ikiqat Avropa çempionu Niyaməddin Paşayev AZƏRTAC-a məxsusi müsahibəsində deyib. Hazırda Radikin və Miladın Fucairah şəhərində yarışlara hazırlıqlarını davam etdirdiklərini bildirən vitse-prezident hər iki turnirin əhəmiyyətini vurğulayaraq bildirib: “Yarışlar bu ilin nüfuzlu tədbirləridir. Təmsilçilərimiz yaxşı formadadırlar. Ümumiyyətlə, Qran-Pri turnirləri ilboyu keçirilib. Taekvondoçularımız artıq 4 Qran-Pridə qüvvələrini sınayıblar. Bu qəbildən sonuncu yarış - Qran-Prinin finalı xüsusilə əhəmiyyətlidir. Dünyanın ən güclü 16 taekvondoçusunun yarışlarda iştiraka dəvət alması turnirdə rəqabətin yüksək olacağından xəbər verir. Digər tərəfdən, final mərhələsində yüksək nəticə idmançıya Tokio Olimpiadasına 80 xal qazandırır. Bundan əvvəlki mərhələlərdə isə birinci yeri tutan 40 xal qazanıb. 2019-cu ilin sonunda dünya reytinqində ilk altılıqda olan idmançılar Tokio Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilərlər”.

Niyaməddin Paşayev bu ayın sonunda yeniyetmə taekvondoçuların da mötəbər idman turnirində qüvvələrini sınayacaqlarını bildirib: “Noyabrın 29-dan dekabrın 2-dək İspaniyada yeniyetmələr arasında Avropa çempionatında təmsilçilərimiz güclərini sınayacaqlar. Məqsədimiz hər üç yarışda yüksək nəticə əldə edib ili uğurla başa vurmaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.