İQTİSADİYYAT


Niyazi Səfərov: İran iqtisadi sahədə Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir

Bakı, 13 sentyabr, AZƏRTAC 

İran iqtisadi sahədə Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 13-də “Caspian İnd Expo” beynəlxalq sənaye sərgisində jurnalistlərə müsahibəsində deyib.

“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi inkişaf strategiyası Azərbaycanın davamlı inkişafına, ölkə sənayesinin şaxələndirilməsinə, ilk növbədə isə qeyri-neft sektorunun inkişafına yönəlib. Ölkənin iqtisadi potensialı Azərbaycanın tarixi tərəfdaşlarının böyük marağına səbəb olub və bu mənada bu sərginin də özünəməxsus rolu var”, - deyə N.Səfərov bildirib.

Nazir müavini vurğulayıb ki, sərgidə İran İslam Respublikasının şirkətlərinin çoxluq təşkil etməsi önəmli bir göstəricidir. Belə ki, Azərbaycanla İran arasında siyasi və iqtisadi münasibətlərin inkişafı, əlaqələrin getdikcə möhkəmləndirilməsi xüsusi əhəmiyyətə malikdir: “Bildiyimiz kimi ölkəmizdə İran İslam Respublikası ilə birgə bir neçə irimiqyaslı sənaye layihələri icra olunmaqdadır. İlk növbədə Neftçala sənaye zonasında icra olunan avtomobil zavodu layihəsini xüsusi qeyd etmək istərdim. Tikinti işləri uğurla həyata keçirilir. On min avtomobil istehsal etmək gücünə malik müəssisədə 450-ə yaxın işçi çalışacaq. Bu, Neftçala və ətraf rayonların iqtisadi inkişafına ciddi təsir göstərəcək”.

N.Səfərov əlavə edib ki, digər mühüm layihə isə Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun tikintisi istiqamətində işlərin aparılmasıdır. Burada buraxılan məhsulların çeşidləri artıq müəyyən edilib.

Nazir müavininin sözlərinə görə, bu gün Bakıda açılan sərgi İran tərəfinin iqtisadi sahədə Azərbaycanla əməkdaşlığa böyük marağının bariz göstəricisidr. Bu maraq həm İqtisadiyyat Nazirliyi, həm də şirkətlərimiz tərəfindən də dəstəklənir. “Düşünürəm ki, iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın nümunələrini müşahidə edəcəyik”,- deyə, N.Səfərov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.