MƏDƏNİYYƏT


Niyazinin Mənzil Muzeyində ilin ilk görüşü Əyyub Quliyevlə olub

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanımbacı Abdinova çıxış edərək Ə.Quliyevin yaradıcılıq yolu, sənət uğurlarından söhbət açıblar. Onların çıxışı dirijorun şəxsi arxivi və muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Dirijorun yaradıcılığı barədə bu və digər məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edilib ki, Əyyub Quliyev 1999-2005-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsində, 2005-2007-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında, 2008-ci ildə isə Vyana Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. Bakı Musiqi Akademiyasının tələbəsi ikən o, dirijor kimi fəaliyyətə başlayıb.

Diqqətə çatdırılıb ki, Ə.Quliyev 2011-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışır. Hazırda teatrın repertuarında olan bir çox opera və balet tamaşalarını uğurla idarə edir.

Ə.Quliyev çox gənc yaşlarından bir sıra hökumət mükafatlarına layiq görülüb. Dirijor çoxsaylı qastrol səfərlərində olub, Azərbaycan simfonik musiqi sənətini dünyada ləyaqətlə təmsil edib.

Gənc və istedadlı dirijor həm də pedaqoji fəaliyyətlə məşğul olur. Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor dirijorluğu” kafedrasının dosentidir.

Sonra söz qonağa verilib. Keçdiyi ömür yolundan, yaradıcılıq planlarından danışan Ə.Quliyev musiqi sənətinə olan sevgisində atası, Xalq artisti, məşhur tarzən Ramiz Quliyevin mühüm rol oynadığını deyib.

Tədbirdə Əyyub Quliyevin dirijorluq etdiyi konsertlərdən videoyazılar nümayiş olunub, Opera və Balet Teatrının solisti Taleh Yahyayev, Nina Makarova və başqalarının ifalarında maraqlı kamera konserti təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.