CƏMİYYƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq mükafata layiq görülüb
Bakı, 2 oktyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda "Dəyişən dünyada davamlı sülh və inkişaf" mövzusunda XIV ali səviyyəli toplantısı çərçivəsində dünyanı narahat edən müxtəlif problemlər ətrafında müzakirələr aparılıb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, toplantıda “Avratlantik münasibətlərin və Balkanların gələcəyi”, “Yaxın Şərq –sülhə necə nail olmaq olar?”, “Gender bərabərliyi: Qadınların siyasətdə rolu” kimi mövzular, habelə “Bir kəmər–bir yol” layihəsi ilə bağlı diskussiyalar keçirilib.
Makedoniya Prezidenti Georgi İvanov, Maltanın Baş naziri Cozef Muskat, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, İsrailin sabiq xarici işlər naziri Tsipi Livni, Ərəb Liqasının sabiq rəhbəri Əmr Musa və digər nüfuzlu siyasətçilər çıxış edərək müzakirə olunan mövzular haqqında fikrilərini bildiriblər.
Toplantıda dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı dialoqun, etimadın böyük önəm kəsb etdiyi vurğulanıb. Qadınların siyasətdə iştirakının gender bərabərliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Müzakirələrə qoşulanlar müxtəlif problemlərə dair rəy və təkliflərini söyləyiblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIV ali səviyyəli toplantısı çərçivəsində UNESCO-nun xoşməramlı səfiri, Mərkəzin idarə heyətinin üzvü xanım Marianna Vardinoyannisin təşəbbüsü ilə “Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Marianna Vardinoyannis, Robert Kennedi İnsan Hüquqları Fondunun prezidenti xanım Kerri Kennedi, Kiprin birinci xanımı Andri Anastasiadis çıxış edərək qadın hüquqları, gender məsələləri ilə bağlı fikirlərini diqqətə çatdırıblar.
Tədbirin sonunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dünyada sülhün, təhlükəsizliyin və dialoqun təşviqindəki uğurlu fəaliyyətinə görə Marianna Vardinoyannis mükafatı təqdim olunub.
Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində dünyanın nüfuzlu siyasət və dövlət adamları ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar barədə məlumat verilib, ölkəmizin dünyada və regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasına verdiyi töhfələr diqqətə çatdırılıb.