CƏMİYYƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Gənc Liderlər Məktəbi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 16 avqust, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) nümayəndələri Ohrid şəhərində mərkəzin dəstəyi ilə keçirilən 7-ci Gənc Liderlər Məktəbinin açılış mərasimində iştirak ediblər. Artıq 7 ildir həyata keçirilən bu proqram Makedoniya Prezidenti Georgi İvanovun təşəbbüsü ilə təşkil olunur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində Prezident G.İvanov ilə yanaşı, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov və İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin çıxış ediblər.
Daha sonra Makedoniya Prezidenti G.İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ilə görüşüb. Söhbət zamanı NGBM ilə Gənc Liderlər Məktəbi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq 3 ildir ki, Prezident G.İvanovun Gənc Liderlər Məktəbi ilə əməkdaşlıq edir. Məktəbin proqramına tanınmış məruzəçilərin liderlik və idarəetmə sahələrində oxuduğu məruzələr və keçdiyi təlimlər daxildir.