SİYASƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu ekspertlə əməkdaşlıq edəcək
Bakı, 22 sentyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Amerika Birləşmiş Ştatlarının nüfuzlu siyasi şərhçisi, beynəlxalq münasibətlər üzrə ekspert, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya ilə əməkdaşlıq edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin Nyu-Yorkda səfərdə olan nümayəndə heyəti tanınmış jurnalistlə görüşərək bir sıra beynəlxalq və regional məsələlər ətrafında müzakirələr aparıb.
Görüşdə Farid Zakariya ilə Yaxın Şərqdəki vəziyyət, demokratiya, terrorizm, ekstremizm, münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, qlobal təhlükəsizlik kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı Farid Zakariyaya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, təşkilat dünyanın tanınmış siyasətçiləri və nüfuzlu ekspertlərinin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə edərək həll yollarını tapması baxımından böyük imkanlar yaradır. Bu mənada, Mərkəzin təşkilatçılığı əsasında hər il yüzlərlə siyasətçi, dövlət xadimi və elm adamının iştirakı ilə baş tutan Qlobal Bakı Forumunun, həmçinin Mərkəzin müxtəlif ölkələrdə keçirilən Ali səviyyəli toplantılarının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
NGBM-nin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və Mərkəzin baş katibi Rövşən Muradovun iştirak etdiyi görüşdə Farid Zakariyanın növbəti Bakı Forumunda iştirakı məsələsi də müzakirə olunub.
Qeyd edək ki, Hindistanda dünyaya gələn müsəlman əsilli Farid Zakariya ABŞ-da tanınmış politoloq və jurnalistdir. Beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifi olan F.Zakariya “New York Times”, “The Wall Street Journal” kimi nüfuzlu nəşrlərdə yazılarla çıxış edib, bir sıra qəzet və jurnallarda isə redaktorluq edib.