CƏMİYYƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sentyabrda Qlobal Gənc Liderlər Forumu təşkil edəcək

Bakı, 19 iyul, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) sentyabrın 6-10-da Qlobal Gənc Liderlər Forumu təşkil edəcək.

NGBM-dən AZƏRTAC-a bildiriblər ki, Forum dünyanın yeni inkişaf etməkdə olan liderlərini bir araya gətirərək aktual qlobal problemləri müzakirə etmək məqsədi daşıyır. Forumda NGBM-in üzvləri olan tanınmış liderlər – Mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, NGBM-in həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin, BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi nümayəndəsi Cefri Saks, F.Kennedi İnsan Hüquqları təşkilatının prezidenti xanım Kerri Kennedi, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev, Mavritaniyanın sabiq Prezidenti Aminah Qurib-Fakim, NGBM-in Gənc Liderlər Proqramının kuratoru, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko məruzəçi qismində çıxış edəcəklər.

Forum dünyanın ən nüfuzlu təqaüd proqramlarını qazanmış, cəmiyyətə müsbət təsirlər göstərmək üçün böyük potensiala malik və qabaqcıl sahələrdə özlərini sınamış gənc liderlərin bənzərsiz toplantısıdır. Proqramın məqsədi dünyanın ən rəqabətli və seçmə təqaüdlərindən iki-üç nümayəndəni, uğurlu gənc mütəxəssisləri və sahibkarları dəvət etməkdir. Qarşılıqlı əlaqəli bir dünyada digər qlobal alimlər və gənc liderlərlə ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq, əlaqələri gücləndirmək və insanların rifah halını yaxşılaşdırmağa kömək etmək üçün əməkdaşlıq üçün güclü platformanın yaradılması mühüm əhəmiyyət daşıyır.

Forum nəticəsində gənc liderlərə sertifikatlar təqdim olunacaq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərinin daha uğurlu hesab etdikləri gənc liderlər VIII Qlobal Bakı Forumunda moderator kimi iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.