SİYASƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Yüksək Səviyyəli Afina Toplantısı başa çatıb

Afina, 23 noyabr, AZƏRTAC

Altıncı Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afinada keçirilən “Avro-Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı noyabrın 23-də işini yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, panel iclaslarda Avro-Aralıq dənizi Tərəfdaşlığı çərçivəsində XXI əsrdə sülh üçün humanist cəmiyyətlər, multikulturalizm və mədəniyyətlərarası dialoqa nail olmaq məqsədilə Ortaq Fəaliyyət Planı müzakirə olunub. İclaslarda Avro-Aralıq dənizi tərəfdaşlığının tarixi haqqında məlumat verilib, tərəflərin müxtəlif sahələrdə əməkdaşlığından bəhs olunub, mədəniyyətlərarası dialoqun vacibliyi vurğulanıb. Kimlik məsələsinin əsas problemlərdən olduğunu vurğulayan natiqlər “Avropada yaşamaq yox, onun mədəniyyətini, tolerantlığını qəbul etməklə avropalı olmaq mümkündür”, - deyə bildiriblər.

Miqrasiya axınına gəlincə, qeyd olunub ki, Avro-Aralıq dənizi tərəfdaşlığına daxil olan ərazilər Şərq və Qərb arasında strateji mövqedə olduğundan miqrasiya axınları ilə bağlı problemlər bu ərazilərdə daha çox baş verir. İclaslarda problemin həll yolları ilə bağlı təkliflər və ideyalar səsləndirilib. Böhranın aradan qaldırılması üçün Avropanın konkret mexanizm qəbul etməsinin vacibliyi vurğulanıb, dövlətlərin, təşkilatların və insanların verə biləcəyi töhfələr diqqətə çatdırılıb.

Müzakirələrdə Aralıq dənizi ölkələrinin hələ də bir çox problemlərin qarşısında aciz qaldığı, narkotik klanları ilə mübarizənin davam etdiyi bildirilib. Miqrant axınları ilə bağlı problemlərin yaranma səbəbi kimi bəzi Avropa ölkələrində hələ də qaçqınlara qarşı stereotiplərin qalması göstərilib.

Tədbirdə dünyada yeni yaradılan enerji layihələrinin əhəmiyyəti, Azərbaycanın bu sahədə verdiyi böyük töhfələr barədə də danışılıb.

Qeyd edək ki, toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.