SİYASƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri: Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumlarını şiddətli şəkildə qınayırıq
Bakı, 28 sentyabr, AZƏRTAC
BMT Baş katibinin bir çox dünya liderlərinin də dəstəklədiyi, beynəlxalq hüququn prinsiplərindən irəli gələn çoxtərəfli dünya nizamına bir daha çağırış etdiyi zamanda biz də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı artilleriya hücumlarını şiddətli şəkildə qınayırıq. 1994-cü ildə elan olunmuş atəşkəs birinci dəfə deyil ki, pozulur və sıravi vətəndaşlar da xəsarət alır. Dünya ictimaiyyətinə xatırladılmalıdır ki, Ermənistan Respublikası BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal edilmiş bütün torpaqlarından tamamilə və qeyd-şərtsiz çıxmasını nəzərdə tutan 822, 853, 874 və 884 qətnamələrini indiyədək yerinə yetirməkdən qaçır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvlərinin bəyanatında yer alıb.
Bəyanatda deyilir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri tolerantlığa, dialoqa və qarşılıqlı anlaşmaya sadiq qalaraq Azərbaycan xalqı ilə tam həmrəylik ifadə edirlər. Azərbaycan xalqı davamlı olaraq beynəlxalq hüququn pozulması faktları ilə üz-üzə qalır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü beynəlxalq miqyasda tanınır, dəfələrlə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib.