Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən başlanılan və gərginliyin artmasına, eləcə də insanların həlak olmasına səbəb olan bu son qarşıdurmanı kədər hissi ilə izləyirik.

BMT-nin Baş katibi bir çox dünya liderləri tərəfindən də dəstəklənən və beynəlxalq hüququn prinsiplərindən irəli gələn çoxtərəfli dünya düzəninə bir daha çağırış edib. Biz Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində, bütün cəbhəboyu artilleriya hücumlarını qətiyyətlə pisləyirik. 1994-cü ildə qəbul olunmuş atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması və bunun dinc əhalinin həlak olması ilə nəticələnməsi ilk dəfə deyil ki, baş verir.

Dünya bir daha agah olsun ki, Ermənistan bu vaxta qədər işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrini yerinə yetirməyib. Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə edilən hücumlar beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi pozulmasıdır.

Cənab Prezident,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq, Qəyyumlar Şurasına verdiyiniz status sayəsində 8 il ərzində mərkəz dünyada tanınmış bir instituta çevrilib. Bu gün Mərkəzin həmsədrləri xanım Vayra Vike-Freyberqa, doktor İsmayıl Serageldin və Baş katibin fədakar əməyi sayəsində öz üzvlərimizi səfərbər edərək Dağlıq Qarabağ münaqişəsini müttəfiqlərimizin, tərəfdaşlarımızın və xalqlarımızın diqqətinə çatdırırıq.

Xahiş edirik kədər və anlayış hisslərimizlə bərabər, cənab Prezident, ən yüksək hörmət və ehtiramlarımızı qəbul edəsiniz.

Səmimiyyətlə,
 
Rosen Plevneliev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
 
Recep Meydani
1997-2002-ci illərdə Albaniyanın Prezidenti
 
Hikmet Çetin
1991-1994-cü illərdə Türkiyənin Xarici İşlər naziri, 1997-1999-cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin