MƏDƏNİYYƏT
“Nizami Gəncəvi İli” çərçivəsində Humanitar və İctimai Elmlər Bölməsində 39 kitab çap olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik İsa Həbibbəyli açaraq gündəlikdəki elmi-təşkilati məsələlər haqqında məlumat verib.
Tədbirdə əvvəlcə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli elan edilməsi haqqında” 2021-ci il 6 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrdən bəhs edilib. Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” ilə əlaqədar Humanitar və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində 39 kitabın çap olunduğunu vurğulayıb.
Sonra Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik və Elm Tarixi institutlarının elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi məsələsinə baxılaraq müvafiq qərarlar verilib.
İclasda, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda dəyişiklik edilməsi haqında qərar qəbul olunub.
Elmi şuranın iclasında bir sıra kadr məsələlərinə baxılıb və cari məsələlər müzakirə edilib.