ELM VƏ TƏHSİL


“Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi” adlı beynəlxalq dəyirmi masa keçirilib

Bakı, 16 yanvar, AZƏRTAC

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi” adlı beynəlxalq dəyirmi masa keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Təhminə Bədəlova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri Tomris Babanlı, Bakı Dövlət Universitetinin professoru Mətanət Abdullayeva, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin idarəçisi Leyla Nəcəfzadə, Almaniyanın Hannover şəhərində Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli, İsveçdə yaşayan azərbaycanlı yazar Eluca Atalı, Türkiyənin Ankara şəhərinin Özel Alp Kollecinin okul müdiri Günay Axundova Özkan, həmin kollecin türk dili müəllimi Rauf Çelik, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin mütəxəssisi Murad Həsənxanlı və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, eləcə də pedaqoji heyəti iştirak edib.

Tədbirdə mərkəzin direktoru Lalə Qəti görüşün mahiyyəti və məqsədi barədə məlumat verib.

Görüş iştirakçıları Nizami Gəncəvinin həyat yolu və yaradıcılığı, Şərq və dünya ədəbiyyatındakı mövqeyi, əsərlərindəki fəlsəfi fikirlər, ideyalar, bəşəriyyətin bədii söz sənətinə “Xəmsə”ni bəxş etməsi, onun bədii irsinin dünya ədəbiyyatının, təsviri sənətin və musiqinin inkişafına böyük təsiri, gənc nəslin təlim-tərbiyəsində Nizami yaradıcılığının əvəzsiz rolu və digər mövzular barədə çıxış ediblər. Görüşə dəvət olunan qonaqlar xarici ölkələrdə Nizami irsinin öyrənilməsi və təbliği, dünya ictimaiyyətinə tanıdılması sahəsində apardıqları işlərdən də söz açıblar.

Daha sonra Mərkəzin dərnək üzvlərinin ifasında şairin şerləri və dahi bəstəkar Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəlinə bəstələdiyi məşhur “Sevgili canan” romansı səsləndirilib.

Dəyirmi masada Nizami Gəncəviyə həsr olunan “Nizami yaradıcılığı və bədii sənət”, “Dünya şöhrətli Nizami” videoçarxları da nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.