ELM VƏ TƏHSİL


Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə həsr edilən yeni monumental sərgi

Bakı, 16 oktyabr, AZƏRTAC

Çoxəsrlik zəngin tarixə malik Azərbaycan ədəbiyyatı və mədəniyyətinin öyrənilməsi və təbliğində xüsusi xidmətləri olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 80 illik yubileyini qeyd etməyə hazırlaşır. Prezident İlham Əliyevin bu münasibətlə imzaladığı müvafiq Sərəncamda qeyd edildiyi kimi, Nizami muzeyi arxada qalan onillər ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırmağa öz töhfələrini veribdir.

Nizami muzeyində keçilmiş 80 illik şərəfli yolun bütün mərhələlərini əks etdirən yubiley sərgisinin hazırlıq işləri başa çatıb.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, müxtəlif vaxtlarda muzeydə ayrı-ayrı şair və yazıçıların yuvarlaq ildönümləri ilə bağlı sərgilərin hazırlanması ənənəsi olsa da, indiki yubiley sərgisi bütün əvvəlkilərdən əsaslı şəkildə fərqlənir. Bununla bağlı muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib: “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi xalqımızın 3 min ildən artıq dövrü əhatə edən ədəbiyyatı, mədəniyyəti və tarixi haqqında kompleks bilikləri təqdim edən mədəniyyət ocağı olaraq dünya muzeyləri ailəsində xüsusi yer tutur. Bu gün Nizami muzeyi dünyanın 5 qitəsindəki 200-dən çox muzey və mədəniyyət mərkəzi ilə əlaqələr qurub. 1940-cı illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə şairin xatirəsinə həsr edilən memorial muzey kimi yaransa da, tədricən bu muzey əhatə dairəsini genişləndirib, Azərbaycan ədəbiyyatının bütün dövrlərini və əksər görkəmli simalarını əks etdirən əsl söz məbədinə çevrilib. Muzeyin ekspozisiyasının tamaşaçı üzünə açıldığı 75 ildən artıq müddətdə milyonlarla yerli və xarici tamaşaçı Nizami muzeyinin qonağı olaraq ədəbiyyatımız, mədəniyyətimiz haqqında, bütövlükdə, xalqımız, yurdumuz, dəyərlərimiz barədə müfəssəl məlumatlar alıblar. Təbii ki, 80 illik yol həm də muzeyin fədakar əməkdaşlarının yorulmaz əməyi, səmərəli fəaliyyəti deməkdir. Yeni hazırlanmış sərgidə məhz həm yaşanmış onillərin ən maraqlı ədəbi-mədəni hadisələri, həm də bu müddət boyunca muzeyin nüfuzunun ildən-ilə artması, şöhrətlənməsi üçün çalışmış əməkdaşların fəaliyyətləri əksini tapıb. Yeni sərgi muzeyin 80 yaşına uyğun olaraq 80 lövhədən ibarətdir. Xüsusi vurğulamaq istərdim ki, indiyədək bu miqyasda və əhatədə sərgi hazırlanmayıb. Qiymətli arxiv materialları, fotosənədlər və illüstrasiyalarla bəzənmiş sərgi muzeyin tərcümeyi-halını ayrıntıları ilə təsvir edən bir salnamə sayıla bilər”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi pandemiya böhranının yaratdığı məhdudiyyətlərə baxmayaraq yeni şəraitə uyğun işini səmərəli şəkildə davam etdirir. Muzeyə istər yerli, istər əcnəbi tamaşaçıların virtual səyahət edə bilməsi üçün 5 dildə ekskursiyaları müntəzəm olaraq internet vasitəsilə izləmək mümkündür. Elə yeni yubiley sərgisinin də ayrıca elektron versiyası hazırlanıb ki, onu da ədəbiyyat həvəskarları və Nizami muzeyinin etibarlı tamaşaçıları həm muzeyin saytından, həm də “YouTube” kanalından izləyə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.