ELM VƏ TƏHSİL


“Nizami Gəncəvi almanaxı”nın ikinci sayı müxtəlif dillərdə çap olunacaq

Bakı, 15 yanvar, AZƏRTAC

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi İli”nə həsr edilən ilk elmi istiqamətli tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan elmi müəssisənin direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsini ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsi olduğunu qeyd edib. O vurğulayıb ki, Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməyə, onu dünyaya məhz Azərbaycan şairi kimi daha çox tanıtmağa ehtiyac vardır.

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” çərçivəsində Ədəbiyyat İnstitutunda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı haqqında da məlumat verib. Bu işlərin həyata keçirilməsində Nizamişünaslıq şöbəsi ilə müvafiq şöbələrin birgə əməkdaşlığının səmərə verəcəyi qeyd olunub.

İlk olaraq “Nizami Gəncəvi ensiklopediyası”nın (2021-2023) hazırlanıb çap edilməsi məsələsi müzakirə olunub, bununla bağlı təkliflər nəzərə alınıb. “Böyük Azərbaycan şairi Nizami Gəncəvi: bəşərilik və müasirlik” mövzusunda konfransın keçirilməsi qərara alınıb. Nizamişünaslıq şöbəsi tərəfindən birinci cildi nəşr edilən “Nizami Gəncəvi almanaxı”nın müxtəlif dillərdə ikinci sayının çap olunmasının nəzərdə tutulduğu bildirilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının 2021-ci ildə Bakıda və Tiflisdə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsinin nəzərdə tutulduğu qeyd edilib. İnstitut əməkdaşlarının KİV-lərdə, xüsusən televiziya və radioda ilk mənbələrə, orijinal mətnlərə istinad edərək Nizami Gəncəvi haqqında çıxış etmələrinin vacibliyi bildirilib. Ali məktəblərlə birgə konfransların, ümumtəhsil məktəblərində isə tədbirlərin təşkilinin həyata keçirilməsinin vacibliyindən danışılıb.

Tədbirdə akademik İsa Həbibbəyli ilə yanaşı, Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və şöbənin bəzi əməkdaşları, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov öz təklif və tövsiyələrini diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.