REGİONLAR
Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir
Qax, 15 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, poetik aləmin dühası hesab edilən dahi Nizami Gəncəviyə dövlət səviyyəsində verilən çox böyük dəyərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami bəşəri dəyərlərin keşiyində” adlı videokonfransda səsləndirilib.
Tədbiri MKS-nin direktoru Güllü Əhmədova açaraq, dövlətimizin başçısının 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı imzaladığı Sərəncamın klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu vurğulayıb. Bildirilib ki, Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Dahi şairin zəngin irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Videokonfransda rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, Mərkəzin metodisti Nuriyyə Əlimova, kənd kitabxana filiallarının əməkdaşları çıxış edərək, Nizami Gəncəvinin yaradıcılığı barədə danışıb, şairin əsərlərində sözə verilən qiymətdən, dostluğun tərənnümündən, xeyirin şərə qalib gəlməsindən söz açıb, əsərlərinin Şərq miniatür sənətinin inkişafına göstərdiyi təsirdən bəhs ediblər. Vurğulanıb ki, dahi şairin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.
Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova çıxış edərək, “Nizami Gəncəvi ili” ilə əlaqədar rayonun mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirilməsinin, şairin ədəbi irsinin dərindən öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.