ELM VƏ TƏHSİL
Nizami Gəncəvi əsərlərinin leksikasının tədqiqinə dair seminar keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə təşkil edilən tədbirlər çərçivəsində aprelin 15-də “Nizami leksikasının tədqiqinə dair (M.Məmmədovanın tədqiqatları əsasında)” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri institutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, professor Mehdi Kazımov açaraq Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb. Bununla əlaqədar Şərqşünaslıq İnstitutunda həyata keçirilən tədbirlər çərçivəsində növbəti seminarın da məhz dahi şairin əsərlərinin leksikasının tədqiqinə həsr olunduğunu deyib. M.Kazımov Nizami dilinin klassik fars dili mühitində öz çoxmənalılığı, rəngarəngliyi ilə seçildiyini bildirib. Qeyd edib ki, Nizami yaradıcılığında bir söz bir neçə məna verir, ona görə də şairin əsərlərinin tərcüməsi heç də asan olmur.
Seminarda institutun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Pənahoğlu “Nizami leksikasının tədqiqinə dair (M.Məmmədovanın tədqiqatları əsasında)” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi tanınmış şərqşünas alim, pedaqoq Mənzərə Məmmədovanın Nizami Gəncəvi dilinin leksikasına həsr olunan tədqiqatlarından ətraflı danışıb. Bildirib ki, dünya nizamişünaslığında Nizaminin leksikası ilə bağlı ən müfəssəl elmi tədqiqat işi məhz şairin Vətənində - Azərbaycanda Mənzərə Məmmədova tərəfindən aparılıb. M.Məmmədovanın tədqiqatları “XI-XVII əsr fars dili izahlı lüğətlərinin əsas tərtib prinsipləri” monoqrafiyasında, eləcə də “Nizami Gəncəvi dilinin leksik üslubu (“İsgəndərnamə” üzrə)” və ikicildlik “Nizami Gəncəvi dilinin lüğəti (“Şərəfnamə” üzrə)” əsərlərində ümumiləşdirilib.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.