REGİONLAR
Nizami Gəncəvi irsi Şərqin misilsiz sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlayır
Masallı, 13 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Nəriman Nərimanov adına şəhər 2 nömrəli və Dəmirçi kənd tam orta məktəblərin müəllim və şagirdlərinin iştirakı ilə Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Heydər Əliyevin rolu” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Nizami Gəncəvi ili” çərçivəsində keçirilən onlayn tədbirin iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Videokonfransda çıxış edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Qeyd olunub ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirirdi.
Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb.
Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrildi.
2011-ci ildə Azərbaycanda Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə qeyd olunub.
Mərkəzin əməkdaşı Lətifə Həsənova çıxışında dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Sonda Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadənin ifasında Nizami Gəncəvinin "Az danışmağın gözəlliyi" qəzəlindən bir parça səsləndirilib.