MƏDƏNİYYƏT


Nizami Gəncəvi poeziyası və Qərb bədii dəyərləri

Bakı, 22 dekabr, AZƏRTAC

Bəşəriyyətin bədii inkişafında və mənəvi zənginləşməsində mühüm rol oynamış dahi sənətkarlardan biri olan Nizami Gəncəvinin ecazkar poeziyası öz məzmununa və mahiyyətinə görə elə dünya mədəniyyəti hadisəsi sayılması məlum həqiqətdir. Keçən əsrin nizamişünaslığında bu problemin araşdırılması baxımından xeyli işlər görülüb. Bu yöndəki və mövzudakı tədqiqatlarda Nizami sənətinin cahan bədii təfəkkürünə qüvvətli təsirindən bəhs edilib. Nizami Gəncəvinin dünya mədəniyyətinə təsirinin miqyası və sərhədlərini əks etdirən araşdırmalar sırasında görkəmli mütəfəkkir, böyük nizamişünas Məmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” və ustad ədəbiyyatşünas alim, professor Əkbər Ağayevin “Nizami və dünya ədəbiyyatı” monoqrafiyaları hələlik hər iki yüzilin bu mövzu ilə bağlı ən sanballı və uğurlu tədqiqatlarıdır. Nizami Gəncəvi epikasının Qərb mədəniyyətinə, onun nəhəng nümayəndələrinə təsirini araşdıran və bunları inkar edilməz ədəbi-tarixi faktlarla nümayiş etdirən hər iki alimin elmi və ədəbi ictimaiyyətə təqdim etdiyi, aşkarladığı möhtəşəm həqiqətlər yalnız bir millət olaraq bədii-fəlsəfi potensialımızın və ictimai-intellektual səviyyəmizin deyil, ümumən, milli-mənəvi və mədəni dərəcəmizin parlaq faktı və təsdiqi kimi də təqdirəlayiqdir.

Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Nizami Gəncəvi poeziyası və Qərb bədii dəyərləri” məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni oxucularla bölüşür.

Nizami Gəncəvi poeziyasının Qərb ədəbiyyatına təsir dərəcəsindən söz açarkən, ilk öncə onu qeyd etmək zəruridir ki, xristian mədəniyyəti və incəsənətinin ən qüdrətli nümayəndələri bu təmas və mənimsəmə prosesindən kənarda qalmamış, ən önəmlisi və qürurverici cəhəti ondadır ki, dünyaşöhrətli klassiklərin məhz özləri bu məsələlərdən və yaradıcı öyrənmədən bəhs etmişdilər. Nizami poeziyasının cazibəsindən yan keçə bilməyən, ondan bilavasitə və ya dolayısı ilə mənəvi qidalanan dahilər, cahanşümul klassiklər sırasında isə Dante, Petrarka, Bokkaçio, Şekspir, Şiller, Höte, Bayron, Puşkin və başqa nəhəng sənətkarlar vardır. Ən mühüm və maraqlı tərəfi odur ki, Nizami poeziyasının qüdrətindən və özəl xüsusiyyətlərindən bəhs edən Qərbin məşhur klassikləri və şərqşünasları dahi Azərbaycan şairinin özündən sonrakı müxtəlif yönlü və üslublu istedad sahiblərinə konkret təsirlərindən söz açmaqla kifayətlənməmiş, eyni zamanda, Nizaminin Şərq şeiriyyəti və cahan bədii düşüncəsi inkişafındakı təkrarsız xidmətlərini də vurğulamağa can atmışlar.

Böyük filosof, siyasətşünas və ədəbiyyatşünas Məmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyasında Azərbaycanın dahi oğlunun dünya söz sənəti tarixində misilsiz iz qoymasından böyük məhəbbət və ilhamla bəhs edilmişdir. M.Ə.Rəsulzadə mötəbər ədəbi-tarixi faktlara söykənərək Azərbaycan və Şərq ədəbiyyatşünaslığında ilk dəfə olaraq Nizami Gəncəvinin müsəlman Şərqi ədəbiyyatına, həm də Qərb mədəniyyətinə təsiri izlərini ətraflı işıqlandırmağa müvəffəq olmuşdur. Şərq ədəbiyyatının, xüsusən, farsdilli şeiriyyətin məftunu və mahir bilicisi olan İohan Volfqanq Höte Nizami poeziyasına sevgisini aşağıdakı şəkildə ifadə etmişdi: “Nizami yüksək düha sahibi, incə bir zəkadır. Firdovsi qəhrəmanlıq dastanlarına aid bütün mövzuların hamısını işləmiş olduğundan, o (yəni Nizami), sevişən incə ruhların qarşılıqlı duyğularını öz şeirinin mövzu və məzmununa çevirmiş, bir-birini sevən Xosrov və Şirini, Leyli və Məcnunu oxucularla tanış etmişdir; bunlar əvvəlcədən sezmə, qəza və qədər, təbiət (xarakter), alışqanlıq, istək və ehtiras təhriki və cazibəsi nəticəsində gerçəkdən yaxınlaşmaq (birləşmək) istəyirlər; lakin onlar bir böhran keçirərək inad, təsadüf, qəribə və qeyri-adi hadisələr və məcburiyyət üzündən bir-birindən uzaqlaşırdılar; daha sonra taleyin qəribə hökmü nəticəsində onlar birləşirlərsə də, lakin bu və ya başqa surətlə yenidən bir-birindən ayrı düşürlər”. Bu mülahizə və düşüncələrlə tanış olarkən ən çox diqqəti cəlb edən cəhət hələ sağlığında ikən təkcə Almaniyanın deyil, bütün Avropanın dahisi və canlı klassiki kimi etiraf olunan, kifayət qədər təcrübəli və dünya görmüş bir sənətkarın Nizami poeziyasına səmimiyyətlə yoğrulmuş sevgisi və sonsuz heyranlığıdır: “Bu mövzu və materialların işlənməsindən ideal bir daxili iğtişaşın yüksək həyəcanı doğulur, lakin heç bir yerdə bunun təmin olunduğunu görmürük. Gözəllik böyük, onun növləri isə sonsuzdur.

Şairin doğrudan-doğruya əxlaqi mövzulara toxunan başqa parçaları da eyni şirin və aydın bir deyim tərzi daşıyırlar. Hər hansı bir adama aid, ikitərəfli, nə qədər qarışıq vəziyyətdə olursa-olsun, bütün məsələləri şair çıxış yoluna apararaq həmin əxlaqa uyğun bir şəkildə həll edir. Sakit təbiətinə tam uyğun olaraq, Nizami Səlcuqlar dövründə ana yurdu Gəncədə sakit bir həyat keçirmiş və orada da vəfat etmişdir. Öz ətrafında tapdığı bütün eşq əfsanələri ilə yarımmöcüzəli əfsanələri Nizami coşğun bir şövqlə toplamışdır”.

M.Ə.Rəsulzadə alman ədəbi-estetik fikrində Nizamiyə münasibətin genişlənməsi və dərinləşməsini nəzərdən keçirərkən Vilhem Baxerin tədqiqatlarına müraciət edir. Görkəmli alman aliminin və şərqşünasının 1871-ci ildə çap etdirdiyi kitabında “Nizaminin Şərq ədəbiyyatının böyük ustadları arasındakı müstəsna mövqeyi və Hötenin onun haqqında “yüksək bir dühaya malik incə bir zəka” deməsinə baxmayaraq, şairin Almaniyada və bütün Avropada heç də kifayət qədər tanınmadığını” qeyd edir. M.Ə.Rəsulzadə başqa bir görkəmli alman şərqşünası Herman Etenin Nizamidən bəhs edən məşhur kitabına istinad edərək aşağıdakıları bildirir: “Nizami poeziyası yüksək əxlaqi məzmuna malik olub, qəhrəmanların mənəviyyatındakı mətinlik və ciddilik, bədii ifadədəki orijinallıqla təbiət təsvirlərindəki tabloların əzəməti heyrət doğurur. Qədim Şərq əfsanəsindən istifadə olunaraq yazılmış F.Şillerin “Turandot”u Nizaminin “Həft peykər”indəki rus şahzadəsinə bənzəyir”. Məşhur şərqşünas P.Horn isə Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının alman dilinə uğurlu tərcüməsindən bəhs edərək, bu ecazkar sevgi dastanına məftunluğunu gizlətmir: “Qraf Şaks “Leyli və Məcnun” şairinin misilsiz həssaslığını alman dilində etdiyi nəfis tərcümələrində əks etdirə bilmişdir. Bu beytlərdə tərənnüm olunan sevginin Qərbi Avropanın orta əsrlər məhəbbət hekayələrinə bənzədiyi bilavasitə gözə çarpır; bu, yəni Qərbi Avropaya orta əsrlərdə məhəbbət hekayələri, şübhəsiz ki, Şərqdən gəlmiş və çox güman ki, həmin janr Qərbi Avropaya ərəb İspaniyası yolu ilə keçmişdir”. M.Ə.Rəsulzadə alman şərqşünasının Nizami və Firdovsi epikasının müqayisəli müstəvidə nəzərdən keçirilməsini də dəyərləndirir, onun, xüsusən, iki böyük sənətkar ortasındakı fərqin “yerdən göyə qədər” olması fikrinə də diqqətimizi yönəldir, Nizaminin Şərqdə “mənzum romanın yeganə ustadı” olmasını da ayrıca vurğulayır.

Alman şərqşünaslığında Nizami Gəncəvi irsinin araşdırılmasından bəhs edərkən, H.Pitterin “Həft peykər”in almanca tərcüməsi mətninə yazdığı müqəddimənin əhəmiyyətini də qeyd etmək yerinə düşər. Görkəmli alman nizamişünasının bir sıra mülahizə və müşahidələri bu gün də öz elmi aktuallığını qoruyub saxlamaqdadır: “Nizami yalnız öz dövründəki şeir dilinə məxsus ifadə tərzinə hakim olmaqla qalmamış, eyni zamanda – bu daha qiymətlidir – bu sənəti öz əsərlərinin varlığını təşkil edən fikirlərinə xidmət etdirməyi də bacarmışdır. Sənətkarlıq baxımından “Həft peykər” şairin ən dolğun bir əsəri olduğu halda, burada sənət sənət üçün işlədilməmiş və şairlik məharəti sadəcə olaraq zövq əhli olan şeir həvəskarlarının gözlərini qamaşdırmaq üçün sərf edilməmişdir: Yalnız əsərin məzmunu bu ecazkar, parlaq formanı zəruri etmişdir. Bu forma o məzmuna uyğun gəldiyi üçün təbii surətdə öz-özündən yaranmışdır. Belə ki, forma pozulmadan yaymaq istədiyi fikri qüvvətləndimək prinsipini yüksək bir surətdə həyata keçirmişdir”.

XIX və XX yüzillər ingilis və fransız şərqşünaslığında da Nizami Gəncəvi irsinə sonsuz maraq və məhəbbət özünü büruzə verməkdədir. Bu baxımdan ən məşhur ingilis şərqşünaslarından biri, professor E.Bronun farsdilli poeziya barəsindəki araşdırmaları təqdirəlayiqdir: “Nizaminin orijinal və istedadlı bir şair, yüksək və nadir bir düha sahibi olduğu Qəzvini, Dövlətşah və Lütfəli bəy kimi bioqraflar və Sədi, Hafiz, Cami və İsmət kimi şairlər daxil olmaq üzrə Şərqin ən görkəmli sənət adamları tərəfindən etiraf edilməkdədir. Şərq şairləri arasında bu ölçüdə bir dühaya sahib olanlar isə azdır. Səmimi bir mömin və Allah adamı olmaqla bərabər qeyd etmək lazımdır ki, o, həm qatı təəssübdən və həm də biganəlikdən tamamilə uzaq idi. Özünə hörmət edər və fikirlərində qətiyyət göstərməsinə baxmayaraq, davranışında sadə və təvazökar olmuşdur. O, sevən ata və ər idi. Şəriətə görə haram da olsa, bir çox Şərq şairlərinə, xüsusən, sufi şairlərə ilham mənbəyi olan şərabdan rəhmətlik son dərəcə özünü gözləyirdi. Hər növ etirazdan uzaq qətiyyət və bir sözlə, demək olar ki, onu böyük düha ilə yüksək əxlaqı özündə birləşdirmiş müstəsna şəxsiyyət adlandırmaq mümkündür. Bu baxımdan heç bir Şərq şairi onunla müqayisə edilə bilməz”. Tanınmış şərqşünas və nizamişünas alim, London Universitetinin professoru S.E.Vilson Nizami Gəncəvi poeziyasını çox yüksək qiymətləndirərək, “həyəcan, ehtiras, hüzn və kədəri ifadə etməkdə” Azərbaycanın dahi oğlunu Şekspir və Petrarka ilə müqayisə edərək onları eyni dərəcə və səviyyəyə malik ədəbi şəxsiyyətlər kimi səciyyələndirir.

Fransız şərqşünasları da Nizami Gəncəvi epikasına böyük sevgi və ehtiramla yanaşmış, şairin məşhur dastanları haqqında bu gün də öz elmi əhəmiyyətini və dəyərini itirməyən mülahizələr irəli sürmüşlər. Fransanın görkəmli nizamişünaslarından biri, professor Barbye de Meynarın aşağıdakı düşüncələri diqqətəlayiqdir: “Nizamidə biz tarixi romanın yeni bir növünü görürük. Şöhrətli şair bu sahədə atalıq haqqına malikdir. Hicri tarixi ilə VI yüzillikdə epopeya (dastan) özünə lazım qida və şərait tapmadığı üçün ölməyə üz tutur; lakin bu o dövrün şairlərindəki fantaziya və zəka əksliyini göstərmir. Bunun səbəbi ondan ibarətdir ki, onlar artıq Firdovsi məktəbindən həyəcanlanacaq dərəcədə bəsit deyildilər. Qəhrəmanlıq dastanlarının xatirəsi hələ də mühafizə edilirdi, lakin bu bəzilərində xəstəlik şəklini almış təqlidçilik, bəzilərində isə qəzəb, kin və düşkünlük təsvirinə yarayan şəraitlə bağlı bir mövzu şəklini alırdı. Nizami ilk dəfə olaraq bu ənənənin kök atmış formasını dəyişdirdi. Saflıqları və boyalarının mühafizəsi barədə həssaslıq göstərmədən, ərəb dastanlarının çox maraqlı hekayələrini “İskəndəriyyə məktəbi” romançılığının uydurmaçılığı ilə asanlıqla birləşdirərək, o, bir sintez yaratmışdır”. Barbye de Meynarın Nizami Gəncəvi sənəti və şəxsiyyəti haqqındakı fikirləri dahi şair yaradıcılığının mahiyyətinə və bədii həqiqətlərinə yaxın olduğuna görə də diqqəti cəlb edir: “Onun tərcümeyi-halı haqqında deyilmiş mübaliğə dolu nağıllardan vaz keçərək deməliyəm ki, Nizami haqqında məlumatlar bir-birindən fərqli iki şəxsiyyəti göstərir – bir yandan məddahlıq edən, saraylardan diqqət və iltifat gözləyən sənət sahibi, o biri tərəfdən sufiliyin qəribə görüşlərini daşıyan sırf bir mistik. Bunu da qeyd etmək lazımdır ki, o çağdakı müsəlman Şərqi cəmiyyətini bürüyən təfəkkür cərəyanlarını əslində iki yerə bölən və bir-birinə bu qədər müxalif olan iki duyğu arasındakı ittifaqın əhəmiyyəti son zamanlarda iki qat artmışdır. Eyni xarakteri biz Əbdürrəhman Camidə, Əlişir Nəvaidə və tənəzzül dövrünün adlı-sanlı bütün nümayəndələrində müşahidə edirik. Bununla bərabər, Nizami özünü təqlid eləyənlərin üzərində misilsiz bir yüksəkliyi mühafizə edərək, həm şəkil (forma), həm də vəzn baxımından daha orijinal və kamil şəxsiyyətdir”.

XIX yüz il İtaliya şərqşünaslığının görkəmli nümayəndəsi, professor İtalo Pittsinin Nizami Gəncəvi poeziyası haqqında, onun əsərlərinin yeni dövr italyan klassiklərinin yaradıcılığı ilə müqayisəli-tipoloji müstəvidə təhlilləri də böyük maraq doğurur. M.Ə.Rəsulzadə qeyd edir ki, İtalo Pittsi Nizaminin “Bəhram-gur”u ilə Bokkaçionun Ametosu arasında dərin bir bənzərlik görür. “Həft peykər” qəhrəmanı kimi, “Dekameron”un qəhrəmanı da yaxşı bir ovçudur. Bəhramın Ərəbistan səhrasındakı ovçuluğuna müqabil Ametonun da ormanlarda-meşələrdə vəhşi heyvanlar arasında gəzib qaçmağı vardır. Nizamidə olduğu kimi, Bokkaçioda da yeddi sarayda yaşayan yeddi gözəl Ametoya hər gecə eşq-məhəbbət haqqında bir nağıl danışır. Gəncəli şair kimi, İtaliya şairi də hekayə söyləyən dilbərlər yaşayan qəsrləri yeddi rəngə boyamış və gözəllər həmin qəsrlərin rənginə uyğun paltar geyinmişlər. İtaliya şərqşünası öz tədqiqatında Nizaminin Bokkaçioya qüvvətli surətdə təsdiq etdiyini ədəbi faktlar və qəhrəmanların mövcud olduqları mühit və situasiyaların müqayisəli təhlili vasitəsi ilə aşkarlayır. Bütün bunlar haqqında dərindən düşünərkən və yazarkən İtalo Pittsi öz heyrət və təəccübünü də gizlətmir; Təcrübəli şərqşünas Nizami və Bokkaçio personajlarının geydiyi geyimlərin və yaşadığı qəsrlərin rənglərinin eyniliyinə diqqəti yönəldir. Alim bu eyniliyi qeyd etməklə yanaşı, İtaliya sənətkarının hekayəsində bu yeddi rəngin gizli və rəmzi heç bir mənasının olmadığını da vurğulayır. Bokkaçio həmin hekayələri, yeddi rəngdə libas geymiş gözəllərin haradan gəldiklərinin və hansı bədii-fəlsəfi missiyanı yerinə yetirdiklərinin fərqinə varmadan, sadəcə, təsvir etməklə kifayətlənmişdir. Amma Nizami Gəncəvinin tərənnüm və təsvir etdiyi eşq hekayələrinin hər birinin özünəməxsus mənaları olub, onlar qədim münəccimlik görüşləri və dini sistemlərlə qırılmaz surətdə bağlıdır (1, s.89). Nizami Gəncəvi ilə Bokkaçio arasındakı bənzərliklər barəsində başqa bir çox Avropa şərqşünasları və nizamişünasları da əsaslı fikir bildirmişlər. Məsələn, məşhur alman şərqşünası Yozef fon Hammer tədqiqatlarında hələ 1818-ci ildə bu problemə öz münasibətini ifadə etmişdi. Alman şərqşünasının bu məsələ ilə bağlı fikirləri daha dərinə gedir. O, öz təhlillərində yalnız “Həft peykər” ilə “Dekameron” hekayələri arasındakı oxşarlıqlardan bəhs etməklə kifayətlənmir. Yozef fon Hammer Nizami Gəncəvinin qadın qəhrəmanlarının mənəvi-əxlaqi keyfiyyətlərində və bədii-fəlsəfi dəyərindən ətraflı bəhs edərək, qadınların yüksək poetik tərifi və ideallaşdırılması cəhətindən də Bokkaçionun Nizamiyə təqlid etdiyini, bir çox məsələlərin ifadəsində Bokkaçionun Nizamini andırdığını ayrıca vurğulayır.

Nizami Gəncəvi poeziyasının Avropa şərqşünaslığında araşdırılmasından söhbət açarkən, Rusiya və Ukrayna alimlərinin bu sahədəki tədqiqatlarından yan keçmək mümkün deyil. Xüsusən, Bartold, A.Krımski, Kraçkovskiy, Y.E.Bertels, İ.Konrad və başqa məşhur şərqşünasların unudulmaz xidmətlərini ayrıca qeyd etməliyik. Y.E.Bertelsin nizamişünaslıq sahəsində gördüyü cahanşümul işləri ədəbi və elmi ictimaiyyət bu gün də sonsuz heyrət və qürur hissi ilə xatırlamaqdadır. Nizami Gəncəvinin bədii-fəlsəfi kəşflərini və yeniliklərini heç bir alim Bertels qədər aydın və inandırıcı təhlil etməmişdir. Y.E.Bertelsin elmi təfəkkürünə və dünyagörüşünə böyük ehtiramla yanaşan M.Ə.Rəsulzadə onun ən dəyərli mülahizə və kəlamlarını hələ ötən əsrin 40-cı illərində öz tərcüməsində təqdim etmişdir: “Bir insan və cəmiyyət üzvü kimi Nizami XII əsrin ən yaxşı xüsusiyyətlərinin hamısını özündə cəmləşdirmişdi. Onun təlimatı ciddi və kəskindir. O, insanı pisləməyən, özü də öz tutduğu yoldan dönməz, yaxşı gələcəyə inanan, ölüm qarşısında Sədinin seçdiyi köləlik yoluna girməyə razı olmayan bir əzəmətli şəxsiyyət idi”.

Y.E.Bertels Nizami Gəncəvinin saf bədii-estetik yeniliklərini də həssaslıqla müşahidə edib, yüksək dəyərləndirmişdir: “Nizaminin ikinci poeması “Xosrov və Şirin” dünya ədəbiyyatında tayı-bərabəri olmayan, heyrətləndirici dərəcədə kamil bir əsərdir. Yaxın Şərq ədəbiyyatında ilk dəfə olaraq insanın şəxsiyyəti bütün dəyərləri ilə bizə göstərilmişdir”. Şərq və Qərbin ədəbi ənənələrinin ilk yüksək səviyyəli sintezinin yaradılması sahəsindəki Nizaminin xidmətlərini də birincilərdən olaraq məhz Y.E.Bertels vurğulamışdır. M.Ə.Rəsulzadə görkəmli nizamişünasa istinad edərək aşağıdakıları nəzərimizə çatdırır: “Şairin ədəbi irsinə gəlincə, Y.E.Bertels hər şeydən əvvəl Şərq ilə Qərb mədəni ənənələrinin Nizamidə qarşılaşdığına və bir-birinə qarışdığına işarə edir. Nizamidən əvvəl Yaxın Şərq ədəbiyyatında Qərbin təsir və izlərinin olduğu inkar edilə bilməz. Məsələn, X-XI əsrin şairi Ünsüridə qədim yunan dastanlarının bir sıra izləri vardır. Lakin heç kim bu mövzu baxımından Nizami qədər əlverişli şəraitdə olmamışdır. O, iki mədəniyyətin tam qarşılaşdığı coğrafi bir mövqedə yaşamışdır. Bu kimi əlverişli şərait isə başqalarına heç nəsib olmamışdır”. Böyük rus şərqşünasının dahi Azərbaycan şairi haqqındakı qiymətli fikirlərini və dəyərli elmi düşüncələrini davam etdirmək olar. Amma biz bu mövzuyla bağlı düşüncələrimizi akademik Y.E.Bertelsin dərin və öz əhəmiyyətinə görə misilsiz miqyas kəsb edən bir kəlamı ilə ümumiləşdirmək istərdik: “Nizami üçün heç bir ölçü vahidi mövcud deyil, onu ancaq özü ilə ölçmək mümkün olur!”. Əminliklə söyləmək mümkündür ki, Şərq və Qərb bədii dəyərlərinin ali sintezini yaratmış dahi sənətkar haqqındakı bu misilsiz tərif yalnız bir görkəmli alimin deyil, həm də bütün Avropa nizamişünaslığının zirvəsinə yüksəlmiş müdrik bir mülahizədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.