MƏDƏNİYYƏT


“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransa Azərbaycan, Misir, Küveyt, Özbəkistan, İordaniya, Pakistan və İraqdan alimlər qatılıblar.

Konfransı AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb, bununla əlaqədar AMEA-da çoxlu tədbirlər həyata keçirildiyini qeyd edib. AMEA-da Nizami Gəncəviyə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, kitab təqdimatlarının keçirildiyini deyən İ.Həbibbəyli akademiyanın alimlərinin xaricdə də bir sıra konfranslarda Nizami ilə bağlı məruzələr etdiklərini, ölkəmizdə müxtəlif KİV-də, məktəblərdə bu mövzuda çıxışlar etdiklərini vurğulayıb. Akademik bu il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş 21 kitabın işıq üzü gördüyünü, daha 15-ə yaxın kitabın hazırda çapda olduğunu bildirib. Nizamini dünya ədəbiyyatının Günəşi, Azərbaycan xalqının milli iftixarı adlandıran İsa Həbibbəyli dahi şairin yaradıcılığının müstəqillik, azərbaycançılıq idealları əsasında xalqa yenidən çatdırılmasının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisədə Nizami Gəncəvinin yaradıcılığına dair aparılan tədqiqatlardan, nəşr edilən və çapda olan kitablardan, keçirilən elmi seminarlardan bəhs edib.

Sonra “Tarixi Azərbaycan torpaqlarında türklərin məskunlaşması (görkəmli alim, akademik Ziya Bünyadovun əsərləri əsasında)” mövzusunda məruzə edən G.Baxşəliyeva bir sıra xarici dairələrdə Nizaminin etnik mənsubiyyəti ilə bağlı yanlış fikirlər irəli sürülməsinə, şairin Gəncədə fars ailəsində doğulmasını iddia etmələrinə diqqəti çəkərək, dahi şairin azərbaycanlı olmasının hər kəsə sübut etməyin alimlərimizin borcu olduğunu bildirib. O, məruzəsində akademik Ziya Bünyadovun əsərlərində Gəncənin XII əsrdə etnik tərkibinə kifayət qədər aydınlıq gətirildiyini qeyd edərək, bu ərazilərdə türk qəbilələrinin çox qədimdən yaşadığına dair tarixi mənbələrdə tutarlı faktların olduğunu bildirib.

Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri professor Mehdi Kazımov “XIV-XV əsrlər Azərbaycan ədəbiyyatında Nizami “Xəmsə”sinə nəzirələr (Cəmalinin “Xəmsə”si əsasında)” mövzusunda məruzə edib. M.Kazımov Nizaminin əsərlərinə orta əsrlərdə çoxsaylı nəzirələr yazıldığını, lakin bütöv “Xəmsə”yə yazılan nəzirələrin az olduğunu qeyd edərək, belələrinin sırasında Əlişir Nəvai, Əbdürrəhman Cami kimi görkəmli şairlərin olduğunu deyib. Azərbaycan şairlərindən də Cəmali Təbrizi və Əşrəf Marağayi “Xəmsə”yə nəzirə yazıblar.

M.Kazımov məruzəsində Azərbaycan ədəbiyyatı tarixində zaman baxımından Nizami Gəncəvinin “Xəmsə”sinə ilk nəzirə yazan Cəmali Təbrizi barədə ətraflı danışıb.

Konfransda professor İmamverdi Həmidov “Nizami Gəncəvi irsi ərəb alimlərinin araşdırmalarında”, filologiya elmləri doktoru professor Elman Quliyev “Nizami Gəncəvi yaradıcılığının ədəbi təsir dairəsi”, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Dünya ədəbiyyatının Nizami Gəncəvisi”, dosent Səadət Şıxıyeva “Divan ədəbiyyatında “Məxzənül-əsrar”a müraciətin şəkilləri” mövzularında məruzələr ediblər.

Sonra özbəkistanlı, alim dosent Vera Muxamedcanovanın “Nizami və Nəvai – Azərbaycan və özbək xalqlarının yüzillik tarixində iki şəxsiyyət” və pakistanlı alim professor Almaz Xanımın “Nizami Gəncəvinin Pakistan ədəbiyyatına təsiri: urdu və digər dillərin nümunəsində” mövzusunda çıxışlarının videoyazısı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Konfrans işini bölmə iclaslarında davam etdirib. Xarici iştirakçılar konfransa onlayn qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.