MƏDƏNİYYƏT
“Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyası müxtəlif dillərdə nəşr ediləcək
Bakı, 24 aprel, AZƏRTAC
Nizami Gəncəvinin əsərlərinin elmi-tənqidi mətni və “Nizami Gəncəvi ensiklopediyası” hazırlanır. “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının müxtəlif dillərdə nəşr edilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin sənət dünyası və müasir dövr” mövzusunda keçirilən respublika elmi konfransında akademik İsa Həbibbəyli deyib. Akademik bildirib ki, Türkiyədə “Qardaş qələmlər” dərgisinin bir nömrəsi bütövlükdə Nizami Gəncəviyə həsr ediləcək. “Türk ədəbiyyatı” dərgisində isə institut əməkdaşlarının mövzu ilə bağlı ardıcıl məqalələrinin çapı nəzərdə tutulur. Həmçinin Bakı Yunus Əmrə İnstitutu ilə birgə tədbirlərin keçirilməsi planlaşdırılır.
İsa Həbibbəyli Hollandiya, Polşa, Çin, Cənubi Koreya kimi ölkələrdə Nizami Gəncəvi ilə bağlı müxtəlif istiqamətli işlərin həyata keçiriləcəyini vurğulayıb, Rusiya federasiyasının Tatarıstan respublikasında ardıcıl olaraq mövzu ilə bağlı məqalələrin çap ediləcəyini deyib.