ELM VƏ TƏHSİL


“Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunan beynəlxalq konfrans keçiriləcək

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 4-7-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunub.

Konfrans bütövlükdə onlayn təşkil edilsə də, rəsmi açılış nüfuzlu qonaqların iştirakı ilə iyunun 4-də saat 11:00-da Gəncə şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.

Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, təhsil naziri Emin Əmrullayev, UNEC-in rektoru, professor Ədalət Muradov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “PAŞA Holdinq” Şirkətlər Qrupunun baş icraçı direktoru Cəlal Qasımov çıxış edəcəklər.

Beynəlxalq konfransa 34 ölkədən 700-ə yaxın iştirakçı qatılacaq, 66 bölmədə 444 və 16 vorkşopda 65 məruzə dinləniləcək. İyunun 7-dək davam edəcək konfransda ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən məsələlər müzakirə olunacaq.

Məruzələr kitabı Harvard, Oksford, Yale, Stenford, Prinston, Kolumbiya, Toronto, Çikaqo, Dyuk və digər aparıcı universitetlərin, eləcə də “Royal Danish Library”, “British Library”, “Biblioteque Nationale de France” kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.

Tədbirin açılış mərasimində Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi irsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və iqtisadiyyat” mövzusunda videoməruzəsi olacaq.

Konfrans UNEC-in rəsmi feysbuk səhifəsindən (www.facebook.com/unecedu) canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.