MƏDƏNİYYƏT
“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib YENİLƏNİB-4













Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinar Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilib.
Tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Nizami Gəncəvi İli”nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda, klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edərək, ərazi bütövlüyümüzü bərpa etməsi və yüz minlərlə insanlarımıza öz dədə-baba torpaqlarına qayıtmaq imkanı yaradılması, eyni zamanda, tarixi və mədəni abidələrimizi düşmən əsarətindən xilas etməsi parlaq qələbə kimi dövlətçilik tariximizə əbədi yazılıb. Xilaskarlıq missiyasını şərəflə yerinə yetirən və tarixi ədaləti bərpa edən ordumuz Ermənistanın işğalçı ordusunu darmadağın edərək, Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu, qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaətini, gücünü və dönməz iradəsini bütün dünyaya nümayiş etdirdi və yeni tariximizin ən parlaq zəfər salnaməsini yazmaqla xalqımıza sonsuz qürur və sevinc anları bəxş etdi, qalib millət duyğularını yaşatdı.
K.İmanov Prezident İlham Əliyevin qətiyyəti və diplomatiya istedadı sayəsində qazanılmış bu möhtəşəm tarixi qələbəyə görə ona hədsiz minnətdarlığını bildirərək, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini dövlətimiz tərəfindən tarixi şəxsiyyətlərimizə, klassik mədəniyyətimizə verilən yüksək dəyərin bariz nümunəsi kimi hər birimizin ürəyindən xəbər verdiyini vurğulayıb.
Agentliyin rəhbəri bildirib ki, Nizami yaradıcılığı poeziyanın parlaq səhifələri olaraq, zəngin dünyagörüşü və biliklər zirvəsidir. Dahi şairin sönməz yadigarına uyğun olaraq, onu yalnız söz ustası kimi tanımaq ədalətsiz olardı. Dünya ədəbiyyatının 5 ən görkəmli dahi şairi sırasına daxil edilən böyük Nizami gözəl elmşünas və alim idi, dünyanın ozamankı təbiət elmləri, riyaziyyat və humanitaristika nailiyyətlərini bədii, şeir dilində dərk etmiş və açıqlamış şəxsiyyət idi. Nizaminin bilikləri zamanına uyğun olan ən yüksək təbiətşünaslıq və həndəsə, kosmologiya və musiqişünaslıq, psixologiya və etnoqrafiya, dərin ilahiyyat nümunələri idi.
K.İmanov çıxışında Nizaminin “Sirlər xəzinəsi”nin “Peyğəmbərin meracı” fəslində meracı (ucalmanı) nə cür bilik və ustalıqla Bibliyadakı Yusifin quyuya enməsi ilə müqayisə etməsinə toxunub. Bu, eniş-ucalmaq əlamətdar hadisədir, ona görə ki, qəhrəmanın yolu ilə ulduzları müşahidə etmək, eyni zamanda, dahi şairin zəngin təbii - elmi və dini bilikləri haqqında öyrənmək imkanını əldə edirik.
Bu səma marşrutunda əvvəlcə, söhbət sahibsiz kəhər haqqında gedir. Bu, Peqas bürcüdür, sonra Zodiak bütövlükdə təsvir olunur, özü də onda yalnız bir bürc iştirak etmir - Qoç bürcü (21 mart-20 aprel). Bunun səbəbi ondadır ki, Nizaminin işlətdiyi metaforaya uyğun olaraq, Qoç bürcü, ilk növbədə, Həzrəti Məhəmməd peyğəmbərin özüdür, həmçinin qiyamət günündə bu ulduz Xristos, müqəddəs peyğəmbər İsa kimi çıxış edir. Bu ulduzun belə yüksək rolu onunla bağlıdır ki, onda yaz bərabərliyi nöqtəsi yerləşir. Qoçun yanındakı isə Buğadır. Yunan əlifbasının ilk “α” (Alfa) hərfi bir sıra müşahidələrə əsasən, yüklənmiş Buğanı xatırladır, son hərfi “Ω” (Omeqa) isə Qoç bürcünü (Fikirləşin: “Alfa” və “Omeqa” söz birləşməsi, kəlamı burada nə cür ustalıqla işlənir).
Nizaminin poemasında Peyğəmbərin meracı (ucalması) qaydası söylədiyimiz kimidir və quyunun yerini göstərən isə Dolça bürcüdür (21 yanvar-19 fevral).
K.İmanov: “Deyə bilmərəm, ancaq ola bilər ki, Dolçanın bir bürc kimi forması quyu göyərçinin tikintisini xatırladır. Məşhur rəvayətlərə görə, bu göyərçin “Qoçu” qurban qismində Kiti və Eridan çayını xarakterizə edən Su bürcünə aparmalı idi. Nə üçün hadisə məhz burada baş verir? Məsələ burasındadır ki, Balıqlar bürcündən (20 fevral-20 mart) Qoç (21 mart-20 aprel) bürcünə keçid zamanı günün uzunluğu artmağa başlayır, nəhayət bərabərləşir və martın üçüncü dekadasında gün gecədən uzun olur. Rəvayətə görə, bu, qurban verilmiş Qoçun hesabına baş verir, həmin bürc isə 40 gündən sonra (40 rəqəminə fikir verin) yenidən çıxmaq üçün nəzərdən itir. Yeri gəlmişkən, rəvayətə görə, Bibliyadakı İon Peyğəmbəri 40 günlüyə udmuş Balina bürcü də burada onun yanındadır, belə nəticə hasil olur ki, Bibliyadakı Yusif və İon Peyğəmbər də qurban verilmiş Qoç bürcünün rəmzləridir.
Beləliklə, Məhəmmədin meracı və Xristosun çarmıxa çəkilməsi məhz yaz vaxtında baş verir. Nəhayət, Dolça bürcündə su qabının dar boğazı yerləşir. Beləliklə, meracın yüksəlişi quyunun enişi ilə bu cür bağlanır.
Agentliyin rəhbəri bildirib ki, məşhur rus filosofu Kedrovun nöqteyi-nəzərincə, Nizami insan tarixinin çox az şəxsiyyətlərindən biridir ki, dünyanın bütün yazılarından - nəşrlərindən xəbəri olub və onları özününkü edərək, yeni fikirlərə yol açıb.
Daha sonra K.İmanov Nizaminin dahi bilikləri ilə bağlı “Yeddi gözəl” poemasından bir misala toxunub. “Həft Peykər”, fars dilindən tərcümə olunan bu əsər “Yeddi portret” və ya “Yeddi hekayə” mənasını da daşıyır. Poemanın adındakı çoxmənalılıq öz-özlüyündə metaforik xüsusiyyətin nümayişidir.
Deməli, “Yeddi gözəl”, “yeddi portret-cizgi” və digər tərəfdən “yeddi hekayə” deməkdir. Bu növ söz oyunu Nizami tərəfindən poemaya verilən adda düşünülmüş addımdır, çünki poema “Yeddi günbəz” kimi də tanınır. Məsələ ondadır ki, islam kosmologiyasında Yer kürəsi 7 planetin - Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter və Saturnun mərkəzində yerləşirdi, sadalanan “planetlər isə Tanrının hökmlərini həyata keçirənlər” kimi qəbul edilirdi. Bunların hərəkəti istər canlılara, istərsə də Yer kürəsindəki hadisələrə təsirli idi.
Dahi şair inanırdı ki, bəşəriyyətin birliyi, dünyanın tamlığı say (cəbr), həndəsə və musiqi ilə bağlıdır: rəqəmlər isə kainatın qarşılıqlı əlaqəsindəki açarlardır, rəqəmlər vasitəsilə çoxluq birliyə, ziddiyyətlər isə harmoniyaya çevrilir. Odur ki, Nizami “yeddi” rəqəmini, yəni Şərqdə xüsusi qüvvəyə malik olan ədədi istifadə edərək, bu rəqəmin mükəmməlliyini dünya mükəmməlliyinə yönəldirdi. Elə bu səbəbdən araşdırmaçıların böyük qismi poemanı astrologiyanın şeirli traktatı qismində təsəvvür edir.
Poemanın qəhrəmanı Bəhram hakimiyyətə gəldiyi andan seçdiyi hər bir gözəllə evlənərək, yeddi möhtəşəm saray tikmək qərarına gəlir və memarın məsləhətinə görə, hər birini müvafiq rəngə boyatdırır. Bəli, “yeddi gözəl”, yeddi saray, yeddi rəngdə olaraq, qeyd etdiyimiz yeddi planetdən hər biri tərəfindən idarə olunur və həftənin yeddi günündən birini şah buna həsr edir.
Beləliklə, “Yeddi gözəl” də böyük məna daşıyır: bir tərəfdən qədim islam - kosmoloji ənənəyə əsaslanır, digər tərəfdən “yeddi hekayə”, “yeddi portret-cizgi” mənasında işlənilir və bununla islam dinində müqəddəs qəbul olunan ilk mükəmməl rəqəmdən yeddi rəqəmindən bəhs edir.
Budur, dahi şairimizin mövcud biliklərindən tamamilə yeni biliklərin yaradılması, budur onun unikal müəlliflik hüququ.
K.İmanov şairin yaradıcılığı yalnız gözəl şeir misraları və mətnləri deyil, məşhur şərqşünas alim-Bertelsin dediyi kimi, dərin bilik və çoxmənalılıq nümayişi olduğunu bildirərək, Qədim Misir mifologiyası ilə bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb: “Eramızdan 3 min il əvvəl yaranan “Ölülər kitabı”nda yuxarıda qeyd etdiyimiz Qoç bürcü (21 mart - 20 aprel) misirlilərin ən sevimli tanrısı, ölümündən sonra dirilən Asar / Azer-i (yunanca Osiris) təsvir edir: “Oyanıb durur Asar və yaşıllaşır tarlalar”. Yəni Asar təbiətin oyanışının simvolu idi. Həmçinin Asar gecəni, qaranlığı fəth edən, oyanan Günəşin də rəmzi idi. Yəni Asar “yeraltı dünyanın tanrısı” və nəhayət, “Günəş tanrısı” idi.
Misirlilərin inanclarına görə, öləndən sonra dirilib həyata Asar kimi qayıtmaq üçün Asarın yolunu keçmək lazım idi və bu isə “Ölülər kitabı”ndakı tapmaca şəklində göstərilən təlimatların yerinə yetirilməsi ilə bağlı idi. Həmin yol Misir mifologiyasında dönə-dönə təkrarlanan, Qafqaz dağlarının ən doğu nöqtəsi Bakhau (Bakıya) aparmalı idi. Çünki Bakı “odlar diyarı”, “dirçələn günəşin dağı”, “doğan günəş şəhəri”, bir sözlə, “Gate on the Lord of the East” - “Gecədən sonra oyanan Şərqin hökmdarının qapısı” kimi tanınırdı. Bu səbəbdən yaşadığımız torpağı qədim misirlilər “Aker” (“Ağ yer”), “Günəşin işıqlandırdığı ilk yer” simasında qələmə verərək, Günəşin xidmətində olan əcdadlarımızı “bakanlar”, həmin torpaqlarda yaşayanları isə “Azər qəbiləsi” adlandırmışdılar.
Həqiqətən, qaranlıq dövrünün zirvəsi olan Oxatan (23 noyabr - 21 dekabr) yaşayıb, 3 gün ərzində illik böhran dövründən çıxaraq, yəni sutkanın gecə ilə müqayisədə ən qısa günlərini geridə qoyaraq, Günəş - Asar oyanmağa, təbiət isə dirçəlməyə başlayır. Misir mifologiyasında bu dövr “Sekhmet” tanrıçası, odun, alovun qoruyucusu dövrüdür.
Nəhayət, Asar dövründə (Qoç bürcü: 21 mart-30 aprel) tam oyanaraq, sutkanın işıqlı vaxtı qaranlıq vaxtını üstələməyə başlayır.
Qeyd edək ki, qədim misirlilərin inanclarına görə, Asar tanrının müqəddəs heyvanı - Buğa, Sekhmet tanrıçasının isə “Şir dişi”dir.”
Çıxışına davam edən K.İmanov vurğulayıb ki, Qız qalasının qədim mənbələrdəki adı “Xunsar” (Xun-Asar), yəni Gün Asar, Gün Azer-dir. Onun bu torpaqda inşa edilməsinin böyük mənası var idi. Qafqazın ən Şərq nöqtəsində yerləşən bu məbəd Günəşin oyanmasına xidmət etməli idi. Məsələ ondadır ki, Qafqaz bərzəxi ekvator müstəvisi ilə 23,5 dərəcəlik bucaq yaradır. Bu bucaq da planetimizin oxu ilə səma qütbü xəttinin arasındakı bucağa bərabərdir. Buna görə də ilin ən qısa və əz uzun günündə Günəş Xəzər üzərində çıxaraq Azov dənizində batır. Qədim Misir mifologiyasında Qafqaz torpaqları şir kimi təsvir edilən iki Allahın diyarı sayılırdı. Həmin şirlərdən biri səhər Tanrısı “Bakhau”da, digəri qürub Tanrısı Tamanda (Ta-Manu) qərar tutmuşdu. Digər tərəfdən İçərişəhərin Qoşa qala qapısında əksini tapmış heraldikada “iki kiçik dairə (gün və ay, yəni gündüz-gecə) Buğa başını (Aser torpağını, qalasını) qoruyan şirlər” böyük məna daşıyır. Belə ki, “ölən və dirilən tanrı Asarın simvolu olan Buğa gecə və gündüz yer atəşini, od-alovu təsvir edən və Günəş tanrısını, Asarı qoruyan şirlər vasitəsilə mühafizə olunur”.
Agentliyin rəhbəri söylədiklərinin XX əsrdə əldə olunmuş elmi biliklər olduğunu qeyd edərək bildirib: “Məşhur misirşünas F.Petrinin Misirlə bağlı tədqiqatları - “Ölülər kitabının başlanğıcı” (1926-cı il), görkəmli alim R.Fessendenin “Qafqaz bərzəxinin batmış sivilizasiyası” (1923-1927-ci illər) əsərləri XX əsrdə əldə olunmuş elmin son sözüdür. Sadalananların bir mənası var - Nizami bilikləriin dərya qədər sonsuz olması, 9 əsr öncəki açıqlamalarının müasir elmlə ayaqlaşması, onlarla birgə səslənməsidir. Budur, dahi elmşünas şairimizin dövlət varidatı elan edilən və qorunan əqli mülkiyyəti”.
K.İmanov dahi şairi doğma torpağından və millətindən ayırmağa çalışanların da olduğunu vurğulayaraq onların sırasında “Ermənistan səsi”nin jurnalisti Aris Kazinyan xüsusi yer tutduğunu deyib: “Erməni müəllifinin dərc etdiyi “Poliqon Azərbaycan” (kitab I, “Millət”, Ключ-S nəşriyyatı, M., 2015), demək mümkünsə, əsərində bir yalan və uydurma digərlərinin üzərində qurulur.
“Müəllif” məqsədini qısa ön sözündə əks etdirib, yəni kitabda (sitat) “Orta əsr fars şairi Nizami Gəncəvinin Azərbaycan şairinə çevrilməsi nümunəsində Azərbaycan millətinin ötən əsrdə modelləşməsi barədə danışılır” və bununla “Qarabağ problemi araşdırılır”. Qısaca desəm, həmin şəxsin tezislərinə əsasən, guya Nizaminin Azərbaycan şairi olmaması (saxtakarlıq yolu ilə elan edilməsi) Azərbaycan millətinin sovet dövründə süni, direktiv şəkildə yaradılması və Qarabağın Azərbaycan torpağı olmaması bir-birinə bənzər zəncirvarı proseslərdir”.
Nizaminin azəri türkü olduğunu bildirən K.İmanov bunu şairin dili ilə - “Yeddi gözəl”in tərcüməsindən olan sözlərlə ifadə edib: “Bu Həbəşdə mənim türkçülüyümü dəyərləndirmirlər”... və digər bir tərcümədə Nizami “almaz türkçülüyü”ndən söhbət açır. Odur ki, tanınmış şərqşünas alim Bertelsin qənaəti belədir: “söhbət təkcə şairin ərazi mənsubiyyətindən yox, ilk növbədə, Nizami yaradıcılığının ruhunun Azərbaycanla dərin bağlılığından gedir”.
Bildirilib ki, belə yazılar oxucuları qəsdən yanıldan “əsər”, müəllifin özünü isə qəsdən yalan danışan millətçi kimi təsnif edir. Bəllidir ki, “bəziləri qəsdən yalan səpir, bəziləri isə aldanaraq yalan yayır”. Söylədiklərim məhz bu yalançı opusla tanış olaraq aldana bilənlərə ünvanlanıb. Çünki burada savadı olmayan şəxs çirkin yalanları ilə millətimizin ləyaqətini alçaltmaq cəhdi göstərmək niyyətindədir.
Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bədii irsi milli ədəbiyyatımızı dünya bədii fikrinin ön sıralarına çıxarıb, türk-İslam intibahını özünün ən uca zirvələrinə qaldırıb. Odur ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Azərbaycan üçün deyil, türk, Şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Bu Sərəncam Azərbaycanın ədəbi və bədii irsinə dövlətimizin ən ali formada ehtiramının göstəricisidir.
Nizami lirik şeirlərdən ibarət “Divan”ı, xüsusilə də “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” kimi beş dastan-poemadan ibarət ölməz “Xəmsə”sini yazmaqla Yaxın və Orta Şərq xalqları ədəbiyyatının minillik prioritet istiqamətlərini müəyyən edib, onu yeni forma, dərin məzmun, mütərəqqi ideyalarla zənginləşdirib, orijinal düşüncə və novator üslubu ilə nəhəng poeziya məktəbinin əsasını qoyub. Əsrlərboyu davam edən Nizami poeziya məktəbinin Türkiyədə Mövlanə Cəlaləddin Rumi, İranda Sədi Şirazi, Hindistanda Əmir Xosrov Dəhləvi, Tacikistanda Əbdürrəhman Cami, Özbəkistanda Əlişir Nəvai, Azərbaycanda İzzəddin Həsənoğlu, Əssar Təbrizi, Marağalı Əvhədi, Nəsimi, Arif Ərdəbili, Məhəmməd Füzuli, Məsihi kimi böyük nümayəndələri yetişib. Təkcə bunu demək kifayətdir ki, şairin yalnız “Leyli və Məcnun” poemasına 140-dan çox nəzirə yazılıb. Nizaminin təsiri ilə Şərq ədəbiyyatında xəmsəçilik ənənəsi yaranıb, “Xəmsə” yazmaq əsrlərboyu şairlər üçün böyük bir sınağa, çətin və şərəfli sənət imtahanına, möhtəşəm poeziya müsabiqəsinə çevrilib. Lakin XIX əsr görkəmli türk şairi Ziya Paşanın dediyi kimi, bu “Xəmsə”lərin heç biri Nizami “Xəmsə”sinə bərabər olmayıb, Azərbaycan şairi şeirin, sənətin əlçatmaz zirvəsi, dəyişməz ölçüsü kimi toxunulmazlıq statusunu qoruyub saxlayıb. Tərəddüdsüz deyə bilərik ki, ötən minillik Yaxın və Orta Şərq xalqları ədəbiyyatı tarixinə Nizami erası, Nizami epoxası kimi daxil olub.
Nizami yaradıcılığının təsir dairəsi, nüfuz diapazonu yalnız Şərq xalqları ədəbiyyatı ilə məhdudlaşmır. Dahi şair doğulduğu Gəncə şəhərindən ömrü boyu kənara çıxmasa da, dünyaya işğalçı müharibələrə etiraz, elmə-maarifə çağırış, ədalətli cəmiyyət quruculuğu, insan şəxsiyyətinin toxunulmazlığı, azad və qarşılıqlı sevgi əsasında qurulan bərabərhüquqlu ailə, qadın hüququna hörmət və sair bu kimi inqilabi ideyaları ilə çıxıb, bununla da, Avropa humanistlərini bir neçə əsr qabaqlayıb. Hammer, Ripka, Marr, Bartold, Bertels, Krımski, Makovelski və digər qərb və rus ədəbiyyatşünasları onun adını Homer, Vergili, Dante, Şekspir kimi dühalarla bir sırada çəkib, dahi alman şairi Höte onu “Poeziya Tanrısı” adlandırıb, Bokkaço, Qotsi, Şiller və digər Avropa ədəbiyyatı nümayəndələri onun təsiri ilə əsərlər yazıblar.
Təbriz miniatür ustalarından tutmuş Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Qəzənfər Xalıqov, Mikayıl Abdullayev, Nazim Hikmət, Səməd Vurğun, Məmməd Səid Ordubadi, İsa Muğanna kimi bəstəkar, rəssam, dramaturq və yazıçılara qədər ədəbiyyat və incəsənət xadimlərinin ən çox üz tutduğu ünvanlardan birinin məhz Nizami yaradıcılığı olması göstərir ki, dahi şairin özündən sonrakı bədii fikrə təsiri yalnız poeziya ilə məhdudlaşmayıb, təsviri incəsənət, musiqi, teatr, bədii nəsr, kino və digər sənət sahələrini də özündə ehtiva edir. Nizami bu gün də bir müasirimiz kimi ədəbiyyat və mədəniyyətimizə öndərlik edir, yüzilləri keçib gələn ölməz ideyaları ilə yolumuza işıq salır.
Nizami sözlərin və mənaların hakimi olan şair, yaranışın sirri haqda antik filosoflarla polemikaya girən filosof, ədalətli cəmiyyət quruculuğu arzulayan vətəndaş, insanlığın səadətinə dair utopik xəyallarla yaşayan insandır. Dahi şair fərdi və sosial məsələlərdən başlamış qlobal siyasi problemlərə qədər bütün sahələrdə diqqəti ayıran yox, birləşdirən məqamlara çəkib, insanları, toplumları və xalqları sülhə, barışa, qarşılıqlı anlaşmaya səsləyib. Dünya orduların döyüş meydanı yox, alimlərin, sənətkarların yarış meydanına çevrilməlidir! Qoy qılınclar yox, ağıllar, zəkalar toqquşsun! Qoy güc yox, zor yox, ədalət zəfər çalsın! “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!”. Nizamini müasirimizə çevirən, zamanın ən kəskin, ən aktual problemləri ilə səsləşən bu ideyalar şairin yaradıcılığından qırmızı xətlə keçir, onun bədii idrakının fundamental əsasında durur. Amma bu qlobal düşüncə miqyası, planetar idrak şairin milli-vətənpərvərlik duyğularına kölgə salmır. O, sufiyanə bir idrakla damlada dəryanı görür və dəryada damlanı axtarır. Dünyaya Azərbaycandan baxdığı kimi, Azərbaycana da dünyadan baxır. Yəqin buna görə ədalət tərəzisini daim düz tutur, heç bir halda obyektivlik hissini, vicdan duyğusunu itirmir. Azərbaycan da daxil olmaqla bütün türk xalqları, türk xalqları da daxil olmaqla bütün müsəlman ölkələri, müsəlman ölkələri də daxil olmaqla bütün dünya insanının səadət və rifahı! “Xəmsə”nin, xüsusən onun son dastanı “İsgəndərnamə”nin bədii-fəlsəfi yekunundan doğan axır qənaət budur. İnsan xoşbəxt olmağa layiqdir! Çünki o, yaranmışların tacı, Tanrının sevimlisidir!
Məhz bu cəhətlərinə görə Nizami nə qədər Azərbaycandırsa, bir o qədər də türkdür, şərqdir və dünyadır. Nə qədər dünya, Şərq və türkdürsə, bir o qədər də Azərbaycandır! Təsadüfi deyil ki, Nizaminin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən “Nizami Gəncəvi İli” elan olunub, şairin yubiley təntənələri beynəlxalq səviyyədə qeyd olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif vaxtlarda şairin Peterburqda, Romada abidələri ucaldılıb, Beynəlxalq Nizami Mərkəzi fəaliyyətə başlayıb. Əminik ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin irsinin tədqiqi və təbliği işinə yeni təkan verəcək, yubiley tədbirləri istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda ən yüksək səviyyədə qeyd olunacaq, “Nizami Gəncəvi İli” Nizami əsərlərinin tədqiqi və təbliğinə öz parlaq töhfələrini verəcək, bütün dünyada sözün və idrakın bayramına çevriləcək.
Vebinarda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin vurğulayıb ki, dahi söz ustadı nəinki Azərbaycan ədəbiyyatı və tarixində, ümumiyyətlə dünya mədəniyyətində tanınır. Beynəlxalq Mərkəz onun irsinin qorunması ilə yanaşı, şairin ideyalarını, o cümlədən açıqlıq, tolerantlıq və s. daim təbliğ edir. Bütün ədəbiyyatsevərlər Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi dəyərlərə inanırlar. Nizaminin yaradıcılığı İslam dünyasını dərindən bilənlər üçün gözəl bir nümunədir. Onun “Xəmsə”si dünya ədəbiyyatının zirvəsi sayılır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva vurğulayıb ki, Nizaminin əsərləri hər zaman müasirdir. Bu gün də nizamişünaslıqda yeni fikirlər söylənilir, şairin yaradıcılığı yeni estetik baxışlar tələb edir. Nizaminin yaradıcılığı bütün türk dünyasının, bütövlükdə bəşəriyyətin sərvətidir.
Dahi şairin ədəbiyyat tarixində yeni səhifə açdığını vurğulayan Günay Əfəndiyeva fikrini nizamişünas alimlərdən sitatlarla əsaslandırıb. O, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Nizami yaradıcılığına həsr edilən layihələr həyata keçirildiyini bildirib.
ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib. Eyni zamanda, Azərbaycanın dünyaya açıq olan bir ölkə olduğunu, sülhə töhfə verdiyini qeyd edib. Vurğulayıb ki, şairin əsərlərində təbliğ edilən tolerantlıq, sülh, sevgi hər zaman aktualdır.
Əbdüləziz Osman əl-Tuveycri şairin yaradıcılığı ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə işlərin davamlı görülməsinin vacibliyini bildirib, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, dünyanın müxtəlif kitabxanalarında Nizaminin əsərləri qorunub saxlanılır, qəzəlləri, poemaları ayrı-ayrı dillərə tərcümə edilir. Bu, şairin əsərlərinin mütaliə dairəsinin geniş olduğunu göstərir. Nizami Gəncəvi türk dünyasının qürurudur. Hələ 1979-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Təsadüfi deyil ki, 1991-ci ili UNESCO “Nizami İli” elan edib.
Vətənə və xalqa xidmət nümunələrini Nizaminin əsərlərindən öyrənmək olar. Bu gün şairin əsərlərindəki milli və bəşəri ideyalar öyrənilir və öyrədilir.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Nizami Gəncəvi Şərq renessansının yaradıcısıdır. Nizami ədəbiyyatı öz dövrünün siyasətindən mənəviyyatına doğru inkişaf etdirib və böyük mənəviyyat dastanları yaradıb. Nizami humanizmi orta əsrlər Şərq və Qərb humanizminin zirvəsində dayanıb.
Azərbaycanın dünya nizamişünaslığının mərkəzi olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli istər ulu öndər Heydər Əliyev tərəfindən, istərsə də Prezident İlham Əliyev tərəfindən ölkəmizdə nizamişünaslığın inkişafı üçün geniş şərait yaradıldığını vurğulayıb. Xatırladıb ki, 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.
AMEA-nın vitse-prezidenti “Nizami Gəncəvi Ensiklopediyası” ilə bağlı görülən işlərdən danışıb, payızda beynəlxalq konfransın keçiriləcəyini bildirib.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov şairin irsinin təbliği istiqamətində görülən işlərdən söz açıb, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri qeyd edib. Xatırladıb ki, 2019-cu ildə Nazirlər Kabinetinin qərarı ilə Nizami Gəncəvinin əsərləri dövlət varidatı elan edilib.
Elnur Sultanov vurğulayıb ki, dahi şairin neçə əsrlər öncə əsərlərində təbliğ etdiyi dəyərlər, o cümlədən sülh, tolerantlıq ideyaları bu gün UNESCO tərəfindən davam etdirilir.
Kembric Universitetinin professoru xanım Kristin van Ruymbeke videomüraciətində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Nizami yaradıcılığında qənaət və xəsislik məsələlərinə toxunub. Bu gün dünyada ərzaq problemi olduğunu, orta hesabla hər doqquz adamdan birinin ac olduğunu diqqətə çatdıran Vüsal Qasımlı şairin qənaət haqqında fikirlərinin aktuallığını vurğulayıb. O, həmçinin şairin elmə, insana yüksək dəyər verdiyini bildirib. Qeyd edib ki, şair insanı cəmiyyətlə, təbiətlə vəhdətdə verib ki, bu məsələlər bu gün də önəmlidir.
Vebinarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Nizami yaradıcılığı - qlobal mənəvi dəyər kimi” və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Azərbaycan-türk mədəniyyətinin zirvəsi Nizami Gəncəvi" mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda məruzəsi dinlənilib.