ELM VƏ TƏHSİL


“Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” konfransı

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Əvvəlcə tədbir iştirakçıları Şamaxı Astrofizika Rəsədxanası şəhərciyində görkəmli elm xadimi akademik Yusif Məmmədəliyevin büstünü ziyarət ediblər.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli çıxış edərək 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində ölkəmizdə Nizaminin əsərlərinin latın qrafikası ilə nəşri həyata keçirilib, anadan olmasının 840 illik yubileyi geniş miqyasda qeyd edilib. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi təntənəli şəkildə keçirilib. Prezidentin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında yeni bir mərhələnin əsasını qoyaraq, dahi ədibin yaradıcılığının azərbaycançılıq işığında tədqiqi, təbliği və nəşri ilə bağlı qarşıya mühüm öhdəliklər çıxarıb.

Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətini vurğulayan alim, onun əsərlərinin dünya dillərinə tərcüməsinin zəruriliyini bildirib. İ.Həbibbəyli Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətə başlamasını ölkəmizin alimləri ilə yanaşı, tanınmış dünya şərqşünaslarının da araşdırma və təbliğat proseslərinə cəlb edilməsinə şərait yaratdığını qeyd edib. Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu, Kembric Universiteti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizami Gəncəvi və Şota Rustaveli” birgə elmi-tədqiqat layihəsini həyata keçirdiyini, 2021-ci ildə eyniadlı monoqrafiyanın Azərbaycan, gürcü və ingilis dillərində nəşr olunduğunu deyib. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslının rus dilində yeni nəşr olunmuş “Nizami və türk ədəbiyyatı” monoqrafiyası haqqında məlumat verib.

Akademik İsa Həbibbəyli 2021-ci il oktyabr ayının 1-də Nizami Gəncəvi adına Ədəbiyyat, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda VII “Fizika və lirika” konfransının keçirildiyini söyləyib, “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusundakı VIII “Fizika və lirika” konfransının əhəmiyyətini vurğulayıb. Alim “Fizika və lirika” adının şərti xarakter daşıdığını, fizika adı altında dəqiq və təbiət elmlərinin, lirika dedikdə isə ədəbiyyat və mədəniyyətin bütün sahələrinin əhatə olunduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev “Nizami Gəncəvi İli” ilə bağlı AMEA-da geniş tədbirlər planının icrası barədə məlumat verib, 2014-cü ildə AMEA-da “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı”nın təsis edildiyini və bu medalla elmin müxtəlif sahələrində çalışan alimlərin təltif olunduğunu diqqətə çatdırıb. Akademik Sankt-Peterburqun dünya şöhrətli Dövlət Ermitaj Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edildiyini söyləyib və həmin tədbirdə Azərbaycan elmi ictimaiyyətinin iştirakını qürurverici hadisə kimi yüksək qiymətləndirib.

Akademik Rasim Əliquliyev konfransın rəhbərlik etdiyi Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilməsindən məmnunluğunu ifadə edib.

Sonra AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov çıxış edərək Nizami Gəncəvi yaradıcılığında bütün elmlərin üzvi şəkildə birləşdirildiyini bildirib. O, ədibin yaradıcılığında təbiət elmlərinin, xüsusən də fizikanın böyük yeri olduğunu qeyd edib. Akademik A.Həşimov AMEA-da “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın mahiyyət etibarilə Nizami Gəncəvinin “qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamlarına dayanaraq hazırlandığını diqqətə çatdırıb.

Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov son illərdə akademiyanın elmi müəssisələri ilə rəsədxana arasında əməkdaşlığın genişləndiyini vurğulayıb və həmin silsilədən olan bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Alimin sözlərinə görə, Nizaminin əsərlərindəki elmi faktlar bu gün də yerüstü və kosmik hadisələrin öyrənilməsində öz aktuallığını qoruyub saxlayıb.

“Nizami Gəncəvi alim-şairdir. Bəşər sivilizasiyası tarixindəki nadir şəxsiyyətdir. Bədii-estetik və fəlsəfi görüşlərinə görə bütün zamanların şairidir”, – deyən AMEA-nın müxbir üzvü Namiq Cəlilov dahi ədibin könüllərdə daim yaşayacağını ifadə edib.

Konfrans işini məruzələrlə davam etdirib. Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmlər doktoru, professor İmamverdi Həmidov “Nizami Gəncəvi və ərəb dünyası” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Nizami Gəncəvi yaradıcılığında ilin fəsil dəyişmələrinin elmi-bədii inikası” mövzusunda məruzəsində bildirib ki, dahi şair yüksək sənətkarlıq nümayiş etdirməklə bərabər, həm də astronomiyaya aid dövrünün elmi məlumatlarına dərindən bələd olduğunu göstərib.

Nizami Gəncəvi yaradıcılığında klassik Şərq ədəbiyyatının bahariyyə və xəzaniyyələrinə, eyni zamanda yay və qış təsvirlərinə aid gözəl bədii nümunələr var. Nizami mövsüm dəyişmələrini astronomik hərəkətliliklə izah edir. Bu zaman o, həm qədim Çin, həm də yunan mənbələrində formalaşan elmi qənaətlərdən istifadə edir, mövsümlərin yerdəyişməsini bürclərin və ulduzların dövrəvi yerdəyişməsi ilə əlaqələndirir. Fəsillərin təqvim üzrə əvəzlənməsində novruza xüsusi önəm verən şair ayların və bürclərin dəyişməsinin hərəkətini novruza doğru istiqamətləndirir və ilin dəyişdiyi zaman bürclərdə, eyni zamanda, təbiətdə baş verən dəyişiklikləri yüksək ustalıq və elmi hazırlıqla yaradıcılığında əks etdirir.

Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi “Nizami Gəncəvi yaradıcılığına müasir elmi baxış” adlı məruzə ilə çıxış edib. O, dahi şairin yaşadığı dövrdə bəşəriyyətə məlum olan əsas elmləri – fizika, kimya, astronomiya, tarix, ilahiyyat və s. dərindən mənimsədiyini və məhz dolğun biliklərdən istifadə edərək bütün dövrlər üçün qiymətli və tədqiqata ehtiyac duyulan əsərlər yaratdığını qeyd edib. Alim Günəşə ən yaxın olan Merkuri planetində Nizami Gəncəvi adına kraterin olduğu haqqında maraqlı məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda akademik İsa Həbibbəyli 2021-ci ildə Nizami Gəncəviyə həsr olunmuş akademik nəşrləri Şamaxı Astrofizika Rəsədxanasının kitabxanasına hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.