REGİONLAR
Nizami Gəncəvi yaradıcılığının sehrli dünyası təkəlduz ustasının ilmələrində FOTO VİDEO
Şəki, 11 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin məşhur obrazları Şəkinin tanınmış gənc təkəlduz ustası Vəfa Mustafayevanın yaradıcılığında xüsusi yer tutur. Təsadüfi deyil ki, sənətkarın əl işlərinin kolleksiyasında dahi şairin əsərlərini əks etdirən onlarla əl işinə rast gəlmək mümkündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənətdə daim yeniliyə can atan Vəfa Mustafayeva bir neçə il əvvəl kukla sənəti ilə dekorativ tikməni birləşdirərək çox maraqlı kompozisiyalar yaratmağa müvəffəq olub. Daim axtarışlar edən şəkili sənətkar bu dəfə sənətsevərlərə Nizami Gəncəvi yaradıcılığının sehrli dünyasını maraqlı formada təqdim etmək fikrinə düşüb. Məhz bu səbəbdən də təkəlduz ustası üzərində işlədiyi yeni əsərinə dahi Nizaminin ölməz “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi”nin adını verib.
Şəkili sənətkar AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində yaratdığı yeni əsərin özəllikləri barədə danışıb: “Dahi Nizami Gəncəvi dünyada tanınır. Emalatxanama gələn yerli və xarici turistlər şairin əsərlərinin obrazlarının – Leyli, Qeys, Xosrov, Şirin, Fərhad, Bəhram Gur və digərlərinin əks olunduğu əl işləri ilə tez-tez maraqlanırlar. Ona görə də fikirləşdim ki, bu dəfə Nizaminin obrazlarını sənətsevərlərə ayrıca bir əsərdə kompozisiya şəklində təqdim edim. Bu işdə bacım da mənə kömək edir. Yeni əsəri taxta çərçivə-pəncərə üzərində işləyirik. Çərçivənin ön hissəsinə Nizami Gəncəvinin “Leyli və Məcnun” və “Xosrov və Şirin” poemalarından illüstrasiyalar daxil etmişik. İlk baxışdan rəsm əsərinə oxşasa da, əslində bədii tikmədir. Əsərə baxanlar maraqlanırlar ki, görəsən pəncərəni açanda arxada nə görünəcək? İstəyirik ki, bu, sirr olaraq da qalsın. Ona görə də əsərin adını “Sirlər xəzinəsi” qoyduq”.
Vəfa Mustafayeva pəncərənin mərkəzində Nizami Gəncəvinin portretini, kənarlarda isə şairin digər əsərlərinin qəhrəmanlarını əks etdirmək fikrindədir. Hələlik iş yarımçıqdır, üzərində bir müddət də işləmək lazım gələcək.
“İnanıram ki, yeni əsərim sənətsevərlərin ürəyincə olacaq”,- deyə təkəlduz ustası bildirib.