REGİONLAR


Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən “Sözün nizamı” adlı onlayn tədbir təşkil olunub

Sabirabad, 20 may, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad Regional Mədəniyyət İdarəsinin və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə dahi Azərbaycanın şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Sözün nizamı” adlı onlayn tədbir təşkil edilib.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsi aparatının və idarənin tabeliyindəki müəssisələrin əməkdaşları, Bakı Uşaq və Gənclər Teatrının yaradıcı kollektivi iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan tədbiri açaraq Şərq və dünya intibah dövrünün görkəmli nümayəndəsi Nizami Gəncəvinin həyatı və zəmanəsi haqqında iştirakçılara ümumi məlumat verib, dahi Azərbaycan şairinin yaradıcılığının təbliği ilə əlaqədar silsilə tədbirlərin təşkil olunmasının vacibliyini vurğulayıb.

Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə cari ilin “Nizami Gəncəvi İli” elan olunmasını azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə, milli-mənəvi dəyərlərimizə ehtiramın təzahürü olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşları Nizaminin yaradıcılığında insan haqlarının təbliğindən və onların müdafiəsinin parlaq təcəssüm olunmasından söz açıb, onun ədəbi irsinin təbliği istiqamətində mədəniyyət müəssisələri tərəfindən müxtəlif səpkili tədbirlərin təşkil edildiyini bildiriblər.

Sonda Nizami Gəncəvinin həyat və yaradıcılığına dair keçirilən sual-cavab yarışması iştirakçıların marağına səbəb olub.

Bakı Uşaq və Gənclər Teatrının aktyorları tədbirin bədii hissəsində Nizami poeziyasından nümunələrlə çıxış ediblər. Həmçinin teatrın yaradıcı kollektivi tərəfindən şairin qəzəlinə bəstələnmiş musiqi səsləndirilib, əsərlərinə həsr olunmuş kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.