ELM VƏ TƏHSİL


Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasına həsr olunan 10 cildlik tədqiqat işinin təqdimatı keçirilib

Bakı, 10 aprel, AZƏRTAC 

Aprelin 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacının Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” haqqında yazdığı 10 cildlik tədqiqat işinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq şairin yaradıcılığının daim dünyanın elmi-ədəbi fikrinin diqqət mərkəzində olduğunu söyləyib. O, bu gün həm Şərq, həm də Qərb ölkələrində Nizami Gəncəvinin əsərlərinin tədqiq edildiyini bildirib. Qeyd edib ki, ölkəmizdə bu istiqamətdə Həmid Araslı, Teymur Kərimli, Azadə Rüstəmova, Xəlil Yusifli, Nüşabə Araslı, Əliyar Səfərli kimi nizamişünas alimlər önəmli tədqiqatlar aparıb, elmi məqalələr, monoqrafiyalar ərsəyə gətiriblər.

Hələ SSRİ dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin keçirildiyini, şairin əsərlərinin filoloji tərcüməsinin hazırlandığını xatırladan akademik həmin tarixdən etibarən nizamişünaslıqda əsaslı dönüşün yarandığını diqqətə çatdırıb.

İ.Həbibbəyli Azərbaycanın müstəqillik qazanmasından sonra ədəbiyyatımızda Nizaminin yaradıcılığına yenidən müraciətlərin olduğunu, əsərlərinin təkrar nəşr edildiyini deyib.

Hazırda Ədəbiyyat İnstitutunda nizamişünaslıq şöbəsinin fəaliyyət göstərdiyini deyən akademik ilk dəfə olaraq şairin elmi tərcümeyi-halının hazırlanması barədə tədbir iştirakçılarına məlumat verib. Bundan əlavə, Ədəbiyyat İnstitutu ilə Şota Rustavelli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun birgə fəaliyyəti nəticəsində şairin yaradıcılığına dair üç dildə kitabın çap olunacağını, həmçinin Hindistan Dövlət Universiteti ilə birgə elmi-tədqiqat işinin aparılacağını, Misirin paytaxtı Qahirədə Nizamiyə həsr olunan beynəlxalq konfransın keçiriləcəyini bildirib.

O qeyd edib ki, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Siracəddin Hacının Nizami Gəncəvinin “Sirlər xəzinəsi” haqqında yazdığı 10 cildlik tədqiqat işi nizamişünaslığa qiymətli töhfədir. Əsər Azərbaycan nizamişünaslığının son illərdə əldə etdiyi əvəzsiz tədqiqat, nizamişünaslığa qiymətli hədiyyə hesab oluna bilər. Nizaminin heç bir əsəri bu vaxta qədər belə bir istiqamətdə, belə bir həcmdə bütün təfsilatı və yönləri ilə araşdırılmayıb. Təqdim olunan oncildlik bu sahədə ilk addım olmaqla yanaşı, Nizaminin digər əsərlərinin bu istiqamətdə öyrənilməsi sahəsində yeni bir istiqamətin başlanğıcı, nizamişünaslığın uğuru kimi böyük əhəmiyyət kəsb edir. Bu, təkcə nizamişünaslığın deyil, ümumilikdə Azərbaycan ədəbiyyatşünaslığının uğurudur. Tədqiqat işi böyük zəhmətin və gərgin əməyin nəticəsində ərsəyə gəlib.

Tədbirdə filologiya üzrə elmlər doktoru, dosent Ataəmi Mirzəyev “Nizamişünaslığa qiymətli hədiyyə” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Nizami Gəncəvini şərh etmək, şairin əsərlərində ifadəsini tapan fikir qatlarını üzə çıxarmaq, bədii sözün ənginliklərinə baş vurmaq asan deyil. Tədqiqat işinin həsr olunduğu “Sirlər xəzinəsi” məsnəvisi həqiqətən də sirlərlə dolu bir mücrünü xatırladır. Bu xəzinədəki sirləri görmək, duymaq, dərk etmək, onun məna dərinliklərinə varmaq, xüsusilə də onu şərh etmək xüsusi bacarıq, fitri istedad, elmi-nəzəri hazırlıq tələb edir. A.Mirzəyev qeyd edib ki, “Sirlər xəzinəsi”nin şərhinə həsr edilmiş 10 kitabda müəllifin özünəməxsus təhlil üsulu, şərhetmə qabiliyyəti, əldə edilən qənaətlərlə bağlı gəlinən nəticələr bütün kitablarda özünü göstərir. O bildirib ki, müəllif tədqiqat əsərini yazarkən qarşısına qoyduğu məqsədə tam əhatəli şəkildə çata bilib.

Tədbirdə akademik Teymur Kərimli “Nizami Gəncəvi irsinin müasir əhəmiyyəti”, filologiya üzrə elmlər doktorları Mahirə Quliyeva “Nizami Gəncəvinin “Sirlər xəzinəsi”nin kəlam işığında tədqiqi zərurəti”, Şirindil Alışanov “Müasir Şərq nəzəriyyəsi və nizamişünaslığın problemləri”, Almaz Ülvi “Şeyx Nizami Gəncəvinin hikmətləri sehrində Siracəddin Hacının fəlsəfi-estetik baxışı”, İmamverdi Həmidov “Nizami nətlərinin Siracəddin Hacı şərhi”, Yaşar Qasımbəyli “Çağdaş nizamişünaslığın problemləri və yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin şərhçilik tarixi və müasir hermenevtik elmi-nəzəri problemlərin həllində Siracəddin Hacının tədqiqatının rolu”, Zəkulla Bayramlı “Azərbaycan nizamişünaslığında yeni addım və qarşımızda duran vəzifələr” və Təhminə Bədəlova “Nizamini anlamaq ehtiyacı” mövzularında məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.