MƏDƏNİYYƏT


“Nizami Gəncəvinin əsərləri Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda virtual elmi konfrans keçirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin müəllim və şagirdlərinin birgə iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvinin əsərləri Azərbaycan bəstəkarlarının yaradıcılığında" mövzusunda virtual elmi konfrans keçirilib.

Konfransda Bakı şəhər musiqi və İncəsənət məktəblərinin direktorları və nəzəriyyə şöbəsinin müəllimləri, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Əməkdar rəssam Elturan Avalov, Binəqədi Rayon İcra Hakimiyyətinin Mədəniyyət işləri üzrə nümayəndəsi Leyla Quliyeva və başqaları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfransı açan F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin direktoru A.Yusifova Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyətindən və bu konfransın mahiyyətindən bəhs edərək bütün konfrans iştirakçılarına uğurlar arzulayıb.

Konfransda böyük söz mütəfəkkirinin poeziyasının inikası olan musiqi əsərləri Ü.Hacıbəylinin "Sənsiz" romans-qəzəli, Ə.Bədəlbəyli "Nizami", Niyazinin "Xosrov və Şirin", S.Hacıbəyovun "İsgəndər və çoban" operaları, F.Əmirovun "Nizami" simfoniyası, Q.Qarayevin "7 gözəl" baleti, "Leyli və Məcnun" simfonik poeması haqqında müəllim və şagirdlərin məruzələri dinlənilərək videoslaydlar təqdim olunub.

Sonda Ü.Hacıbəylinin "Sevgili canan" romans-qəzəli F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin vokal müəlliminin ifasında videoformatda təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.