REGİONLAR


Nizami Gəncəvinin həmyerliləri şairin 880 illiyinə öz töhfələrini hazırlayırlar

Gəncə, 23 aprel, AZƏRTAC

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Şair dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Gəncə şəhərində yaşayıb-yaratmış, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir.

Nizami Gəncəvinin 880 illiyi münasibətilə dövlətimizin başçısının Sərəncamı dahi şairin zəngin ədəbi irsinin tədqiqi, nəşri və təbliğində yeni mərhələ olacaq. Bəs, şairin həmyerliləri bu möhtəşəm yubileyə hansı töhfələr hazırlayırlar?

AMEA-nın Gəncə bölməsinin nəzdində yerləşən Nizami Gəncəvi Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Mərkəz dahi şairin irsinin araşdırılması, elmi-fəlsəfi görüşlərinin, sənətşünaslığının tədqiqi, əsərlərinin müxtəlif dillərə tərcümə olunması, həmçinin Nizami Ensiklopediyasının yaradılması istiqamətində fəaliyyətini bu il də davam etdirəcək.

“Nizami Gəncəvi İli”ndə qüdrətli söz və fikir ustadının 880 illik yubileyinə həsr edilmiş geniş tədbirlər planı tərtib olunub. Tədbirlər planında Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş miniatürlər, monoqrafiyalar, dünya kitabxana və muzeylərindən gətirilmiş əlyazmalarından və o dövrü əks etdirən etnoqrafik materiallardan ibarət ümumşəhər sərgiləri, Nizami Gəncəvi yaradıcılığına və yubileylərinə həsr edilən filmlərin təqdimatı yer alır.

Bundan başqa, “Nizami Gəncəvi: bəşərilik və müasirlik” mövzusunda respublika və “Dünya ədəbiyyatında Nizami Gəncəvi irsi” mövzusunda beynəlxalq elmi konfransların da keçirilməsi nəzərdə tutulur.

AMEA-nın Gəncə bölməsi tərəfindən “Nizamişünaslıq” jurnalının yubiley buraxılışı da bu il işıq üzü görəcək.

“Nizami Gəncəvi İli” çərçivəsində Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda”, Mirzə Mehdi Nacinin “Seçilmiş əsərləri”, Məmməd Ələkbərovun “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı”, Rauf İsmayılzadənin “Nizaminin musiqi dünyası” kimi kitabları artıq işıq üzü görüb. Daha bir neçə monoqrafiyanın nəşri də nəzərdə tutulur.

Nizami Gəncəvi Mərkəzindən onu da bildiriblər ki, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yubiley xatirə medalının təsis olunması da planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.