MƏDƏNİYYƏT


Nizami Gəncəvinin yaradıcılığı Almaniyada təbliğ olunur

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də başlayan Frankfurt Beynəlxalq Kitab Sərgisi zəngin proqramı və əməkdaşlıq görüşləri ilə dünyanın bir çox ölkələrindən minlərlə mütəxəssisi qonaq edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərginin ikinci günündə ölkəmizə aid stenddə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənov və Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxışlarında "Nizami Gəncəvi İli"ndə ölkəmizdə və onun sərhədləri xaricində Nizami irsinin tanıdılması ilə bağlı görülən işlərdən bəhs ediblər. Tədbir zamanı Nizami yaradıcılığının hər dövrdə yenidən öyrənilməsinə və dünyada təbliğinə zərurət olduğu vurğulanıb.

Yazıçı, publisist Orxan Aras "Nizami Gəncəvi İli"ndə nəşr edilən, müəllifi olduğu "Nizami Gəncəvinin aforizmləri alman dilində" adlı kitabı və Nizami irsinin tədqiqatçısı Sevil Fuksun alman dilində hazırladığı 1798-ci ildən günümüzə qədər dünya ədəbiyyat xadimlərinin Nizami ilə bağlı yazılarının toplandığı "Nizami nəsrdə və poeziyada, 1798-2021" adlı kitabı təqdim edib.

Tədbirdə səfirliyin birinci katibi Elman Muradov, nazirliyin əməkdaşları İslam Hüseynov və Lalə Məmmədova tədbir çərçivəsində milli stenddə Nizami Gəncəviyə və 44 günlük Vətən müharibəsində tarixi qələbəmizə həsr olunan guşələr haqqında qonaqlara məlumat veriblər.

Tədbirin bədii hissəsində Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Tural və tədbirin aparıcısı İrem Karaboğa Nizaminin şeirlərini Azərbaycan və alman dillərində səsləndiriblər. Almaniyada yaşayan Azərbaycanlı musiqiçilərin ifaları ilə yekunlaşan tədbir sərgi iştirakçılarının və ziyarətçilərin marağı ilə qarşılanıb.

Qeyd edək ki, Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 24-dək işini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.