MƏDƏNİYYƏT


Nizami Gəncəviyə həsr olunan növbəti onlayn açıq dərs

Bakı, 20 fevral, AZƏRTAC

2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar olaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın rəhbərliyi ilə bu ali təhsil müəssisəsinin tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planı çərçivəsində “Tarixin daş yaddaşı” mövzusunda növbəti onlayn açıq dərs keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, açıq dərs “Microsoft Teams” proqramı vasitəsilə ADMİU-nun müəllimi Mehparə Abbasovanın bələdçiliyi ilə Gəncə şəhərindəki Nizami məqbərəsində təşkil edilib.

Tədbirdə ADMİU-nun prorektoru, Əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva Nizami Gəncəvi dühasının təkcə Azərbaycan ədəbiyyatında deyil, dünya ədəbiyyatında, poeziyasında əvəzsiz rolu olduğunu deyib, “Nizami Gəncəvi İli”nin önəmindən danışıb. Prorektor açıq dərs vasitəsilə tələbələrin Nizami dövrünə virtual ekskursiyasının onlar üçün faydalı olacağına əminliyini bildirib.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Nizami məqbərə filialının müdiri Gülnarə İsmayılova dahi şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, məqbərədə aparılmış yenidənqurma işlərindən danışıb.

Sonra Mehparə Abbasova videoslayd vasitəsilə Nizami məqbərəsinin tarixindən söz açıb. O, Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani və digər şəxsiyyətlərin həmin məqbərə haqqında fikirlərini diqqətə çatdırıb, məqbərənin yerləşdiyi Şıx düzünün tarixindən danışıb. Qeyd edib ki, həmin ərazi Şirvanşah Qızıl Arslan tərəfindən Nizami Gəncəviyə pay verilmiş torpaqdır. Nizami məqbərəsi tarixboyu müxtəlif fəlakət, yadelli hücumlar və döyüşlər nəticəsində dağılıb, sonra yenidən bərpa olunub. Mərhum alim Həmid Araslının bu haqda zəngin araşdırmaları var.

Məruzəçi, eyni zamanda, Nizami məqbərəsindəki arxeoloji qazıntılardan bəhs edib, məqbərənin hazırda Gəncənin simvoluna çevrildiyini söyləyib.

Tədbirdə Gəncədəki Nizami Gəncəvi Muzeyinin əməkdaşı iştirakçılara virtual şəkildə bələdçilik edərək, onları müxtəlif şöbə və eksponatlarla tanış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.