MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar “Fəryad” filmi nümayiş olunacaqdır VİDEO
Bakı, 15 yanvar (AZƏRTAC). Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Fəryad” filmi nümayiş olunacaqdır.
Nizami Kino Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan bu filmə tamaşaçılar yanvarın 16-dan 22-dək hər gün saat 12:20-dən etibarən pulsuz baxa bilərlər.
Ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor və baş rolun ifaçısı mərhum Ceyhun Mirzəyev olan bu ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.
Filmdə “Ögey ana” filminin baş qəhrəmanı balaca İsmayıl indi böyümüş, ailə sahibi olmuşdur. İsmayıl Hüseynov batalyon komandiri kimi torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda mərdliklə vuruşur və əsir düşür. Bütün hadisələr də bundan sonra baş verir.