MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzində “Əlvida, Şmidt!” bədii filmi təqdim edilib

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Nizami Kino Mərkəzində “Əlvida, Şmidt!” bədii filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub.

Təqdimatda çıxış edən filmin ssenari müəllifi və rejissoru Əli-Səttar Quliyev Mədəniyyət Nazirliyinə və filmin heyətinə öz minnətdarlığını bildirərək ekranlaşdırdığı əsəri haqda məlumat verib: “Filmin ideyasını iki il öncə ssenari müəllifi Rüstəm Babazadə ilə düşünüb hazırlamışıq. Film sevgidən, dostluqdan, multikultural dəyərlərdən bəhs edən bir yol əhvalatıdır”.

Rejissor, həmçinin ekran əsərinin yaxın vaxtlarda beynəlxalq kinofestivallarda iştirak edəcəyini vurğulayıb.

Filmin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, ssenarist İlqar Fəhmi bildirib ki, incəsənəti, ədəbiyyatı neqativ enerji bürüyüb, çox az əsərlər bu neqativdən kənarda qala bilir, bəzən bədbin baxışlar olur, amma şükürlər olsun ki, bu film pozitiv enerji üzərində qurulub.

İ.Fəhmi bildirib ki, ikili standartların hökm sürdüyü müasir dünyada belə ekran əsərləri Azərbaycan həqiqətlərinin olduğu kimi insanlara çatdırılmasında mühüm rol oynayır. “O baxımdan hansısa sızdırmalarla, işarələrlə öz həqiqətlərimizi çatdırmağa çalışdıq”.

Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.

Filmdə rolları Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı, Əməkdar artistlər Zemfira Sadıqova, Rasim Cəfərov, aktyorlar Azər Aydəmir və başqaları canlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.