MƏDƏNİYYƏT


“Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən növbəti film - “Qartal yuvası”

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ekran əsəri “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Salnaməfilm” Çingiz Həsənovun rejissorluğu ilə çəkilib.

Təqdimat mərasimində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ötən əsrin 90-cı illərin əvvəllərində erməni qəsbkarlarının xalqımızın başına gətirdiyi müsibətlərdən söhbət açıb.

“Həmin dövrdə xalqımızın qarşısında duran əsas məsələ müstəqilliyimizi qoruyub saxlamaq idi. Müstəqilliyi əldə etmək asandır, amma onu qoruyub saxlamaq çətindir. Müstəqilliyimizin, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan hər bir şəhid bizim üçün əzizidir. Bu ölkədə yaşamağımızın ən vacib səbəblərindən biri də məhz bizim şəhidlərimizidir. Şəhidlərimiz, Seymur Məmmədov kimi qəhrəmanlarımız olmasaydı, bu gün bilmək olmazdı Azərbaycan hansı vəziyyətdə olardı. Hər birimizin də borcudur ki, şəhidlərimizi qəlbimizdə yaşadaq, onları uca tutaq”, - deyə nazir müavini qeyd edib.

Vurğulanıb ki, şəhidlər varsa, demək, Vətən də var. Şəhidlər xalqımızın qürur və inam yeridir. Prezident İlham Əliyevin ötən il seçkilərdən sonra imzaladığı ilk Sərəncam da şəhid ailələri ilə bağlı idi. Bu sərəncama əsasən şəhid ailələrinə birdəfəlik yardım göstərilib. Ondan öncə və sonra da dövlət başçısı şəhid ailələrinə sosial qayğının artırılması ilə bağlı sərəncamlar imzalayıb. Bu yaxınlarda Birinci vitse-prezident Mehriban Əliyevanın Aprel döyüşlərinin qəhrəmanları ilə çox səmimi görüşü olub. Müharibə veteranları, şəhid ailələri daim dövlətimizin diqqət mərkəzindədir.

Filmin rejissoru Çingiz Həsənov çıxış edərək bildirib ki, bu cür ekran əsərlərinin məqsədi respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən və şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir. Rejissor qeyd edib ki, Milli qəhrəmanlar haqqında film çəkmək, onun keçdiyi şərəfli yolu axtarıb tapmaq və ondan nəyisə yaratmaq çox çətindir: “Seymur şəhiddir, iz qoyub gedib, elə bir zirvəyə qalxdı ki, o zirvədən bütün dünyaya baxdı. Seymur Məmmədov bir qartaldır. Yəni hər bir insan o zirvəyə qalxa bilmir”.

Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşid Babayeva çıxış edərək şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, tədbirin təşkilatçı və iştirakçılarına təşəkkür edib.

Çıxışlardan sonra Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.