MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzində “Yaradanlar” sənədli filminin təqdimat mərasimi olub

Bakı, 3 dekabr, Ceyhun Alışlı, AZƏRTAC

“Yaradanlar” filmi Azərbaycan memarlıq sənətinin iki görkəmli nümayəndəsi Sadıx Dadaşov və Mikayıl Hüseynovun xatirəsinə həsr edilib. Bu ekran əsərinin təşəbbüskarı Azərbaycan Memarlar İttifaqı, sifarişçisi isə Mədəniyyət Nazirliyidir. Film 2020-ci ildə “Salnaməfilm” studiyasında istehsal olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 3-də Nizami Kino Mərkəzində “Yaradanlar” sənədli filminin təqdimat mərasimində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə deyib.

Film haqqında ətraflı məlumat verən E.Qasımzadə bildirib ki, ekran əsərinin çəkilişləri bir ilədək davam edib: “Filmin ərsəyə gəlməsi heç də asan olmayıb. Hər iki memar haqqında o qədər də zəngin arxiv məlumatlarının olmamasına baxmayaraq, bu ekran əsəri çəkilib. Filimdə hər iki memarın təkcə yaradıcılıqları haqqında deyil, həyat və fəaliyyətləri, taleləri barədə də məlumatlar yer alıb. Çəkilişlərdə zəhməti keçən hər kəsə təşəkkür edirəm”.

Filmin ssenari müəllifi Natiq Rəsulzadə deyib ki, “Yaradanlar” sənədli film olmağına baxmayaraq, burada həm də bədii filmin elementləri var. Hər iki memarın məşəqqətli həyat keçirdiklərini qeyd edən ssenari müəllifi vurğulayıb ki, çəkiliş zamanı hər bir detal və element nəzərə alınıb: “Gənc nəslin belə şəxsiyyətləri tanımağı vacibdir. İnanıram ki, bu film uzunömürlü olacaq”.

Filmin rejissoru Şamil Əliyev çıxış edərək ekran əsəri ilə bağlı fikirlərini bölüşüb, onun çəkiliş prosesi haqqında qonaqlara məlumat verib.

Sonra “Yaradanlar” sənədli filmi nümayiş etdirilib.

Film görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular. Filmdə o da diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq, onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.

Qeyd edək ki, təsvir rejissoru Rüfət Süleymanov, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynov olan film il ərzində müxtəlif beynəlxalq festivallarda iştirak edərək mükafatlara layiq görülüb və ölkəmizdə ilk dəfə nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.