MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində iki yeni filmin nümayişi başlanıb
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rejissor Lasse Hallstryomun dram janrında çəkdiyi “Ədviyyələr və ehtiraslar ” filmi Fransaya köçmüş və orada fransız restoranı ilə üzbəüz yeməkxana açan bir hindli ailəsinin hekayəsindən bəhs edir.
Filmdə rollara Helen Mirren, Şarlotta Le Bon, Maniş Dayal, Roen Çand, Cuxi Çavla və başqa aktyorlar çəkilib.
Rejissor Lyuk Bessonun döyüş janrında çəkdiyi “Lyusi” filmi qəşəng sarışın qadının fövqəltəbii bacarıq və ağlı ilə planetin ən təhlükəli və məhvedici varlığına çevrilməsindən bəhs edir. Dünyanın ən yaxşı alimləri bunu inanılmaz nəzəriyyə sayarkən o, gerçək olur. Lyusi, qurbandan ovçuya çevrilir. “O, kainatın bütün sirlərinin açarıdır”, - filmin sloqanıdır.
Filmdə baş qəhrəman obrazını Skarlett Yoxansson canlandırıb. Digər rollarda Morqan Friman, Anali Tipton, Çxve Min Sik, Amr Vakid, Meyson Li, Pol Çan və başqaları çəkilib.