MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində yeni filmlər təqdim olunur VİDEO
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 10-dan etibarən Nizami Kino Mərkəzində Lyuk Bessonun ssenarisi əsasında rejissor Mak Cinin ekranlaşdırdığı “Cinayət üçün 3 gün” və Nil Bergerin “Divergent” filmlərinin nümayişinə başlanılacaqdır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, triller, dram, kriminal və döyüş janrında çəkilmiş “Cinayət üçün 3 gün” filmində baş rolu məşhur Amerika aktyoru, iki Oskar mükafatçısı Kevin Kostner oynamışdır.
Film xüsusi xidmət agenti İtan Rannerin həyatından bəhs edir. Ağır xəstə olduğunu öyrənən Ranner işdən getmək qərarına gəlir. Amma rəhbərlik ona gəlirlərin federal şurasının məxfi laboratoriyasında alimlərin hazırladığı, ən ağır xəstəliklərdən xilas edə biləcək yeni preparatı təklif edirlər. Bunun müqabilində, o üç gün ərzində həyatı təhlükəsi olan bir tapşırığı yerinə yetirməlidir.
Film amerikan və fransız kinematoqrafçılarının müştərək işidir.
Növbəti fantastika, macəra və döyüş janrında çəkilmiş “Divergent” filmi də Amerika istehsalıdır.
Filmdə hadisələr gələcəkdə Çikaqoda cərəyan edir. On altı yaşına çatmış bütün yeniyetmələr, müəyyən xüsusiyyətləri rəhbər tutmuş beş fraksiyadan birini seçib ömürlük ona qoşulmalıdırlar.
Filmdə Şeylin Vudli, Teo Ceyms, Eşli Cadd, Keyt Uinslet və başqaları çəkilmişlər.