MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində yeni filmlərin nümayişinə başlanılır VİDEO
Bakı, 3 iyul (AZƏRTAC). Nizami Kino Mərkəzi iyulun 3–dən etibarən rejissor Fil Lordun ekranlaşdırdığı “Maço və çoxbilmiş 2” və Əhməd Küçükkayalının “Bensiz” filmlərinin nümayişinə başlayır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, döyüş, komediya, kriminal janrında çəkilmiş “Maço və çoxbilmiş 2” filmi iki zabit - Şmidt və Cenkodan bəhs edir. Onları gizli əməliyyat keçirmək üçün yerli kolleclərin birində çalışmağa göndərirlər. Kollecdə Cenko futbol komandasında ruhuna yaxın biri ilə tanış olduqdan, Şmitd isə yüksək təbəqəli insanların içinə düşdükdən sonra aralarında olan dostluğa şübhə ilə yanaşmağa başlayırlar.
Film, yumor dolu anları ilə komediyasevərlərin yaddaşında qalacaqdır.
Rolları Çenninq Tatum, Cona Xill, Deyv Franko, Nik Offerman, Ays Kyub, Peter Stormare, Rob Riqql, Eşlin Makİvers, Riçard Qreko, Uayatt Rassell və başqaları oynamışlar.
Türkiyə istehsalı olan “Bensiz” filmi dram janrında çəkilmişdir. Uşaqlıqdan futbol həvəskarı olan və bunu özünə sənət seçən Nəsip sevgilisi ilə yaxşı həyat sürür. O, komandasını birinci liqaya çıxarmaq arzusundadır. Lakin məqsədinə bir addım qalmış oyun zamanı aldığı zərbədən iflic keçirən gənc duyan və eşidən bir əşyaya çevrilir. Həyat onsuz davam etməyə başlayır.
Rollarda Metin Akdülger, Öykü Çelik, Burçin Abdullah və başqaları çəkilmişlər.