SİYASƏT
Nizami Səfərov: Prezident İlham Əliyevin qətiyyətli mövqeyi möhtəşəm nəticəsini verdi
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sarsılmaz iradə və birmənalı olaraq beynəlxalq humanitar hüquqa əsaslanan mövqe nümayış etdirilməsi nəticəsində dövlətimiz növbəti böyük diplomatik uğur əldə etmişdir.
Məlum olduğu kimi, cari il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyadalar əleyhinə minaların yerləşdirildiyi ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etmişdir, müqabilində isə, 15 nəfər saxlanılmış erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilmişdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov deyib.
İlk növbədə qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində parlaq qələbənin əldə edilməsindən sonra, mina təhlükəsinin aradan qaldırılması fövqəladə əhəmiyyət kəsb edərək, daima Ölkə Başçısının diqqət mərkəzində olmuşdur. Prezidentin ardıcıl səyləri nəticəsində qlobal beynəlxalq müstəvidə bu problemə müxtəlif dövlətlərin və beynəlxalq qurumların diqqətini cəlb etmək mümkün olmuşdur. İyunun 12-də ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərin etimadnamələrini qəbul edərkən, İlham Əliyev bir daha bildirmişdır ki, “Ermənistan yüz minlərlə minaların xəritəsini verməlidir”. Bu mühüm məsələdə Azərbaycanın mövqeyi tamamilə beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanmışdır.
“Mina təhlükəsinin humanitar faciələrə səbəb olmasını nəzərə alaraq, beynəlxalq müstəvidə iki mühüm hüquqi sənəd - 10 oktyabr 1980-cı il tarixli “Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçməyən sayıla bilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında” Konvensiyaya “Minalar, tələ-minalar və başqa qurğuların qadağan olunması və ya onların tətbiqinin məhdudlaşdırılması haqqında” II saylı Protokol və 1997-ci il tarixli “Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” Konvensiya qəbul olunmuşdur. Ermənistan bu mühüm sənədlərə qoşulmasa da, hətta onların iştirakçısı olmayan dövlətlər qeyd edilən hər iki konvensiyanın bir tərəfdən beynəlxalq adət hüququna əsaslanmasını, digər tərəfdən beynəlxalq humanitar hüquq prinsipləri ilə uzlaşmasını rəhbər tutaraq, onların müddəalarına mütləq formada riayət etməlidirlər. İstər 1980-cı il tarixli Konvensiyanın II saylı Protokolu, istərsə də Ottava Konvensiyası Ermənistanın 6 iyun 1993-cü ildə qoşulduğu 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları və onlara 8 iyun 1977-ci il tarixli I saylı Əlavə Protokolda əks etdirilən humanitar prinsipləri əsas götürürlər”, - deyə Milli Məclisin deputatı deyib.
Bildirib ki, Ermənistan tərəfindən iştirakçısı olduğu müqavilələrə qeyri-konstruktiv münasibətin nümayiş etdirilməsi nəticəsində, minalanmış sahələrin xəritələrinin ölkəmizə təqdim edilməməsi, beynəlxalq humanitar hüquqda təşəkkül tapmış mülki əhali ilə kombatantların (silahlı qüvvələrin tərkibinə daxil olan şəxslərin) fərqləndirilməsi və mütənasiblik prinsiplərinin açıq-aşkar pozulması kimi qiymətləndirilir. Bizim ərazilərimizdə Ermənistanın yerləşdirdiyi minaların 120-dən çox insanın həyatının itirilməsinə və ya yaralanmasına və sonuncu dəfə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində Azərbaycan jurnalistlərinin və icra hakimiyyəti əməkdaşının qətlə yetirilməsi göstərdi ki, mənfur qonşularımızın yürütdüyü siyasət bütöv bir regionu humanitar fəlakətə doğru sürükləyir. Ancaq bunun qarşısı dövlətimizin Ali siyası rəhbərliyi tərəfindən qətiyyətlə alındı! Ermənistan tərəfindən aparılan minalar müharibəsinə son qoymaq üçün beynəlxalq birliyi səfərbər olmağa çağıran ölkə başçısı öz strateji məqsədlərinə nail olmuşdur. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və ATƏT-in ciddi humanitar əhəmiyyətli məsələdə vasitəçilik etməsi bir daha Azərbaycanın dürüst, beynəlxalq hüquqa cavab verən mövqedə olmasına sübutdur.
Nizami Səfərov deyib ki, hazırda mina təhlükəsinin aradan qaldırılması istiqamətində Azərbaycanın əldə etdiyi növbəti diplomatik qələbə, yüzlərlə insan həyatını xilas etməyə, işğaldan azad edilən ərazilərimizdə quruculuq işlərinin surətlə həyata keçirilməsinə, daimi yaşayış yerlərini tərk etməyə məcbur olan soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmasına imkan yaradacaq.
Prezidentimizin hücum diplomatiyası ölkəmizi yeni-yeni böyük qələbələrə aparacaq!”.