REGİONLAR


“Nizami dühası və müasirlik” mövzusunda elmi konfrans keçirilib

Naxçıvan, 17 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin dahi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Dövlətimizin başçısının Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi dahi şəxsiyyətin yaradıcılığına olan diqqətin bir göstəricisidir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Müəllimlər İnstitutunda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami dühası və müasirlik” mövzusunda keçirilən elmi konfransda ali təhsil ocağının rektoru Azad Novruzov deyib. Rektor bildirib ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusilə böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərimizin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib. 880 il bəşəriyyəti öz poetik dünyası ilə heyrətdə qoyan Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi ölkəmizdə milli mədəniyyətə diqqət və qayğının daha bir parlaq nümunəsi olmaqla bərabər, dünyaşöhrətli şairin dühasının əzəmətinə, saf və təmiz bəşəri duyğularına yeni baxış olacaq.

Elmi konfransda İnstitutun Pedaqogika və psixologiya kafedrasının dosenti Vahid Rzayev, Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Fəxriyyə Cəfərova, Ümumi fənlər kafedrasının müəllimi Afaq Əliyeva, Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müəllimi Nəzakət Yusifova və digər çıxış edənlər bildiriblər ki, Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Onun ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına təkan verib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.