ELM VƏ TƏHSİL


“Nizami dünyası və təsviri sənət” mövzusunda respublika konfransı təşkil edilib

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Nizami dünyası və təsviri sənət” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, konfransın plenar iclasında çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova Nizami Gəncəvi dünyasından söz açıb, ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasını sözə, ədəbiyyata, incəsənətə, dahi şairin poeziyasına verilən yüksək dəyərin nümunəsi kimi diqqətə çatdırıb.

Rektor “Nizami Gəncəvi İli” çərçivəsində ADMİU-da keçirilən çoxsaylı tədbir və layihələr barədə məlumat verib, incəsənətin hər sahəsində dahi şairin əsərlərinə müraciət edildiyini söyləyib. “Nizami dünyası və təsviri sənət” konfransının da həmin layihələrdən biri olduğunu qeyd edən rektor iştirakçılara uğurlar arzulayıb.

Vurğulanıb ki, konfrans sənətşünaslıq, təsviri sənət, rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət, kulturologiya, muzeyşünaslıq, bərpaçılıq, filologiya elmləri və jurnalistika sahələrini əhatə edir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Nizami Gəncəvinin Azərbaycan kitab rəssamlığının təşəkkülünə münbit təsiri və “Xəmsə”nin miniatürlü Çexiya əlyazmasının özəllikləri” mövzusunda məruzə ilə çıxış edib. Rafael Hüseynov ADMİU-nun hər zaman önəmli ictimai hadisələrə, xüsusilə mədəniyyət və ədəbiyyat sahəsində xəbərlərə operativ reaksiyasını və özünəməxsus yanaşma tərzini yüksək qiymətləndirib, konfransın “Nizami dünyası və təsviri sənət” mövzusuna həsr olunmasını uğurlu hesab edib.

Elmi konfransda “Nizami obrazları Şərq xalçalarında”, “Nizami məqbərəsinin tarixi və taleyi”, “Azərbaycan muzeyləri Nizami irsinin təbliğatçısı kimi”, “Nizami Gəncəvinin həyat və yaradıcılığı kinematoqrafçıların gözü ilə”, “Çağdaş Azərbaycan təsviri sənətində Nizami obrazı” (rəngkarlıq və qrafika), “Heykəltaraşlıqda Nizami Gəncəvi obrazları” və digər mövzularda məruzələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.