MƏDƏNİYYƏT


“Nizami irsi arxiv sənədlərində” adlı sənədli videoxülasə hazırlanıb

Bakı, 2 dekabr, AZƏRTAC

“Nizami Gəncəvi İli” çərçivəsində Milli Arxiv İdarəsi tərəfindən “Nizami irsi arxiv sənədlərində” adlı sənədli videoxülasə hazırlanıb.

AZƏRTAC xəbər verir ki, Milli Arxiv İdarəsi tərəfindən hazırlanan və geniş ictimaiyyətə təqdim edilən “Nizami irsi arxiv sənədlərində” adlı sənədli videoxülasə Dövlət Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Dövlət Səs Yazıları Arxivində, Dövlət Arxivinin Gəncə filialında mühafizə edilən arxiv sənədləri əsasında ərsəyə gəlib.

Sözügedən xülasədə sənədlərin bəziləri ilk dəfə elmi ictimaiyyətə təqdim edilir. Sənədlər əsasən dahi Nizami Gəncəvinin 800, 840 illik yubileylərinin keçirilməsi, Nizami irsinin yaşadılmasını, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dahi Nizami Gəncəvinin 840 illik yubileyinin ümumittifaq və respublika səviyyəsində qeyd edilməsi və s. haqqındadır.

Xronoloji ardıcıllıqla verilən sənədlər haqqında məlumat başlıqlarla açıqlanmışdır. Sözügedən videoxülasə Milli Arxiv İdarəsinin rəsmi yutub səhifəsinə yerləşdirilib.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

Sözügedən Sərəncamın icrasını təmin etmək məqsədilə müvafiq tədbirlərin keçirilməsi, Dövlət Arxivlərində mühafizə edilən və Nizami Gəncəvi irsini, onun öyrənilməsini, təbliğini əks etdirən arxiv sənədlərinin seçilməsi və ictimaiyyətə çatdırılması istiqamətində işlərin görülməsi müvafiq olaraq Milli Arxiv İdarəsinin iş planına daxil edilib.

Ulu Nizaminin doğma yurdu olan qədim Gəncə şəhərində yerləşən Dövlət Arxivinin Gəncə filialında 30 iyun 2021-ci il tarixində “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir keçirilib. Dövlət Arxivinin Gəncə filialının təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsi, Gəncə Dövlət Universiteti, Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi, Gəncə şəhər Mirbəşir Qasımov adına 23 nömrəli tam orta məktəbin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.